Baptist Brodard: İslamofobiya bütövlükdə Avropanın problemidir

Baptist Brodard: İslamofobiya bütövlükdə Avropanın problemidir

"Sivilizasiyalar toqquşması yoxdur, amma siz bu konseptə inanmağa başladığınız təqdirdə real həyatda onun təsirlərini hiss edəcəksiniz".

Birxeber.Az xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində "Multikulturalizm, İslam və Sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanı yenidən düşünmək" adlı paneldə İsveçrədən Aix-Marseille Universitetində İslam Tədqiqatları üzrə məruzəçi Baptist Brodard çıxışında deyib.

O bildirib ki, İslamofobiya sadəcə yalnız bir neçə ölkənin deyil, bütövlükdə Avropanın problemidir və bu fenomen ümumilikdə Avropada müşahidə olunur.

"İslamofobiya müsəlmanlara qarşı nifrətdir ki, bu nifrət irqləşdirilir. Belə bir yanaşma səslənir ki, İslama nifrət daha çox sağdan, sağçı qruplardan gəlir, onlar İslamı inkar edir. Ancaq qeyd olunmalıdır ki, İslamofobiya, həmçinin proqressiv soldan, solçu qruplardan da gəlir. Sivilizasiyalar toqquşması ideyasına münasibətlər müxtəlifdir, bəzilərinə görə bu realdır, bəzilərinə görə deyil. Ancaq bu tarixi bir faktdır, Qərb xristianları və İslam arasında toqquşma olub", o deyib.

O bildirib ki, Qərbdə İslam və müsləmanların təhlükəli olduğu, onların sosial iqtisadi çətinliklər yaratdığı, Qərbin dəyərlərini təhdid etdiyi fikri yayılır:

"Ancaq Qərbin problemlərinin İslamla əlaqəsi yoxdur, bunlar iqtisadi problemlərdir, amma siyasətçilər bundan (İslamdan - red.) istifadə edir, çünki siyasətçilərə "günah keçisi" lazımdır. Sivilizasiyalar toqquşması yoxdur, amma əgər bu konseptə inanmağa başlayırsınızsa, reallıqda onun effektləri olacaq, siz onun təsirlərini görəcəksiz. İslamın öz dəyərləri var, xristian dini kimi universal din kimi tanınmalıdır, qəbul olunmalıdır. İslam etnik qrupun dini deyil, bu universal bir dindir, Qərbdə insanlar bəzən bunu anlamır".