AFFA rəsmisi: "Qarabağ"ın Almaniyadakı matçda da qol imkanları olacaq

AFFA rəsmisi: "Qarabağ"ın Almaniyadakı matçda da qol imkanları olacaq

"Qarabağ"ın Almaniyadakı matçda da qol imkanları olacaq. Leverkuzen təmsilçisi nə qədər güclü olsa da, komandamız əks-hücumlarda kifayət qədər təhlükəlidir.

Bunu "Birxeber.Az"a açıqlamasında AFFA-nın əməkdaşı, məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer 04" matçını dəyərləndirərkən deyib.

"Qarabağ"ın sabiq kapitanı Ağdam təmsilçisinin ilk matçdakı performansını yüksək qiymətləndirib: "Qrup mərhələsindən sonra keçirilən matçları dəyərləndirərkən "Qarabağ" haqqında yalnız pozitiv danışmaq mümkündür. Burada tənqid etməyin heç bir əsası yoxdur. Bu səviyyədə komandaya qarşı belə bir mübarizə aparmaq artıq çox şeydən xəbər verir. "Qarabağ" böyük məktəb keçib. Son görüşün ilk hissəsində düzgün seçilmiş strategiya var idi. Almaniyadakı oyundan fərqli olaraq Ağdam təmsilçisi rəqibə bu dəfə başqa cür yanaşdı. Ön xətdə inamlı oynadılar. İrəliyə çox getmirdilər, əks-hücumdan oyunu qururdular. Bu da öz bəhrəsini verdi, ilk hissəni 2 top fərqi ilə başa vurduq. İkinci hissədə də oyunumuzda dəyişiklik olmadı".

A.Kərimov "Qarabağ"ın üstünlüyü əldən verməsinin səbəblərini açıqlayıb: "Buraxdığımız iki qol oyunçularımızın gücünün tükənməsinə görə baş vermədi. "Bayer 04"ün "onurğa sütunları" meydana daxil olaraq matçı tamamilə dəyişə bildilər. 2-3 futbolçu ilə Leverkuzen təmsilçisi bu qədər güclü ola bilir. Oyunçunun keyfiyyəti burada həlledici rol oynayır. Düzdür, "Bayer 04" hər iki hissədə Xabi Alonsonun komandası idi. Oyun strategiyasını ortaya qoya bilən futbolçular ikinci hissədə meydana daxil oldular. Leverkuzen klubu ikinci hissədə davamlı şəkildə hücumlar edirdi. Bu hücumları təşkil edən Virtz, Caka, Frimponq kimi oyunçular idi. "Qarabağ" topu özündə saxlamağa çalışarkən bu oyunçular pressinq edərək hücumun təşkilinin qarşısını alırdılar. Bu da oyunun sonlarında yorğunluğa gətirib çıxardı. Juninyonun şansı olsa da, fərqlənə bilmədi. Ona böyük ehtimalla zədəsi mane oldu. İkinci hissə tamamilə "Bayer 04"ün üstünlüyü ilə keçdi".

51 yaşlı mütəxəssis komandamızın Almaniyadakı matçda da inamlı çıxış edəcəyini vurğulayıb: "Cavab matçında "Bayer 04" ikinci hissədəki kimi oynayacaq. Almaniya klubu topun ətrafında say çoxluğu yaradaraq hücuma çıxır. Bəzən 4-5 metrlik məsafədən oyunçular bir-birinə ötürmə verirlər. Dünən belə oyun üslubunda olan səhvlərdən "Qarabağ" qol imkanları yarada bildi. Almaniyada müdafiəni toxunulmaz saxlamalıyıq. "Bayer 04" hazırda üstünlüyə malikdir. Amma səfərdə bizim də şanslarımız olacaq".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.