Ekspert: Polşada Ukrayna tədarükünə qarşı qarayaxma kampaniyası keçirilir

Ekspert: Polşada Ukrayna tədarükünə qarşı qarayaxma kampaniyası keçirilir

Hazırda Polşa fermerləri tərəfindən Ukraynanın qərb sərhədlərinin blokadası problemi mövcuddur. Bir tərəfdən bu, Ukrayna сəbhəsi üçün böyük problem deyil, çünki bütün hərbi yüklər hərbi karvanlarla gedir və prinsipcə, dayanmır. Lakin bu, Ukraynanın sosial-iqtisadi vəziyyəti üçün problemdir, çünki Polşa bütün istehlak məhsullarının tədarükü üçün əsas mərkəzdir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında ukraynalı ekspert Dmitro Qromakov bildirib.

Onun sözlərinə görə, bu problemin bir neçə aspekti var: "Polşa şirkətləri Rusiya və Belarusdan tədarük kontekstində Ukraynanı nəzərə almırlar. Ukraynanın tədarükünə qarşı qarayaxma kampaniyası keçirilir, Ukraynadan tədarüklə bağlı danışırlar, lakin Rusiyadan Polşaya taxıl tədarükü barədə danışılmır. Bu, ukraynalılar və polşalılar arasındakı əlaqələri kəsmək üçün məqsədyönlü məlumat kampaniyasıdır. Xalqlarımız arasında nifaq salmaq üçün Rusiya və Polşanın rusiyapərəst qrupları və vətəndaş fəallarının bir hissəsi Ukrayna taxılına qarşı mübarizə aparmaq üçün bu kampaniyaya başladılar".

D.Qromakov hesab edir ki, Rusiyanın Ukraynaya təcavüzünün başlanmasından sonra Ukrayna ilə Polşa arasında yaranan həmrəyliyin qorunub saxlanılması istiqamətində Polşa və Ukraynanın xüsusi xidmət orqanları belə tədbirlərin qarşısının alınması ilə bağlı lazımi addımları atmırlar.

"Ukrayna tərəfində də nöqsan var ki, Polşada vətəndaş təşəbbüslərinin rolu, onların təsiri və həm Polşanın daxilindəki ictimai-siyasi vəziyyət, həm də Polşa Respublikasının xarici siyasət kursuna mümkün təsiri lazımi səviyyədə qiymətləndirilməyib. Düşünürəm ki, bu, təkcə Polşada deyil, Almaniyada, Macarıstanda, Rumıniyada və Moldovada üzərində işləməli olduğumuz bir mövzudur", - deyə o əlavə edib.