Azərbaycanın icbari sığorta bazarı dələduzlardan niyə təmizlənmir?

Azərbaycanın icbari sığorta bazarı dələduzlardan niyə təmizlənmir?

Azərbaycanda icbari sığorta məhsullarının, o cümlədən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) satışı tam elektronlaşdırılsa da, hələ də ölkədə sürücülərdən nağd pul alıb onlara sığorta polisi satmaq istəyən şəxslərə rast gəlinir.

Söhbət sığorta şirkətləri ilə rəsmi qaydada əməkdaşlıq edən sığorta agentlərindən getmir.

Müxtəlif şəxslər avtomobil sahiblərinin mobil nömrəsini, maşınının markasını, modelini, dövlət qeydiyyat nömrəsini, icbari sığorta müqaviləsinin başa çatdığı tarixi qeyri-qanuni yollarla əldə edərək onlara qeyri-rəsmi qaydada xidmətlərini təklif edir. Bu isə bir növ dələduzluq sayılır.

Təcrübə göstərir ki, belə "vasitəçi"lər pulu vətəndaşlardan əsasən "card to card" üsulu ilə almağa çalışır. Onların sonradan necə xidmət göstərdiyi, vətəndaşların yerinə sığorta məhsulu alıb-almadığı isə qeyri-müəyyən qalır. Bəs bu cür hallara qarşı necə mübarizə aparılmalıdır? İcbari sığorta bazarı dələduzlardan niyə təmizlənmir? "Birxeber.Az" mövzunu sığorta sahəsinə cavabdeh qurumlarla müzakirə edib.

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bu günlərdə bildirib ki, Azərbaycanda nağd qaydada kiməsə pul verib icbari sığorta polisi almaq dövrü çoxdan keçib. Onun sözlərinə görə, ölkədə artıq kağız sığorta şəhadətnamələri də istifadə olunmur. Odur ki, ortada hələ də "vasitəçi"lərin olması təəccüblüdür.

"Avtomobillərin icbari sığortası üzrə şəhadətnamələrin elektron qaydada əldə edilməsi ilə bağlı bütün problemlər aradan qaldırılıb. Ötən il şəhadətnamələrin 50 %-i elektron qaydada təqdim edilib. Bununla yanaşı elektron arayışların verilməsi ilə bağlı mühüm addımlar atılıb. Daxili İşlər Nazirliyi ilə birlikdə 50 minə yaxın arayış sığorta şirkətlərinə göndərib", - deyə o qeyd edib.

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyində də etiraf edirlər ki, sığorta bazarında hələ də dələduzlar var: “Bizə daxil olan məlumata görə, naməlum şəxslər müftəlif vaxtlarda avtonəqliyyat vasitəsi sahiblərinə sığortanın yenilənməsi ilə bağlı müxtəlif vasitələrlə müraciət edərək onlardan pul tələb edib və onları aldadıblar. Sürücülər dələduzluqla üzləşməmək üçün "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növünün satışı üzrə lisenziyaya malik olan istənilən qeyri-həyat sığorta şirkətinin veb-saytına daxil olmaqla elektron qaydada sığortalana bilərlər”.

ASA elektron istifadə vərdişləri olmayan avtonəqliyyat vasitəsi sahiblərinə isə bunu tövsiyə edib: “Müraciət edən sığorta vasitəçisinin adının Azərbaycan Mərkəzi Bankının (AMB) veb-saytında yer alan fiziki, habelə hüquqi şəxs sığorta agenti siyahılarında olduğundan və yaxud daxil olan zəngin sığorta şirkətinin ofisindən edildiyindən əmin olmamış məlumatlarınızı paylaşmayın”.

Assosiasiyada hesab edirlər ki, yalnız bu yolla bazarı dələduzlardan təmizləmək olar.

AMB-dən isə bildirilib ki, vətəndaşlar sığorta şəhadətnaməsini yalnız lisenziyası olan sığortaçıdan əldə etsə, dələduzluq hallarına son qoyular: "AVSMMİS almaq istəyən şəxslər bunu birbaşa lisenziyalı sığortaçıdan, şirkətin internet səhifəsi vasitəsilə onlayn şəkildə, eləcə də lisenziya əsasında fəaliyyət göstərən sığorta vasitəçilərindən əldə edə bilərlər. Bu kateqoriyalara uyğun gəlməyən şəxslər AVSMMİS üzrə sığorta şəhadətnaməsinin əldə edilməsində vasitəçi rolunda iştirak edə bilməzlər. Mülki məsuliyyətini sığorta etdirməli olan şəxslər mövcud şəhadətnamənin qüvvəsinin bitməsinə 1 ay və 15 gün qalmış İSB-nin göndərdiyi SMS-lər vasitəsilə xəbərdar edilir".