Naxçıvan əhalisinin 50,07 faizini qadınlar təşkil edir

Naxçıvan əhalisinin 50,07 faizini qadınlar təşkil edir

Muxtar respublika əhalisinin 50,07 faizi, işləyən təbəqənin 39,23 faizi qadınların payına düşür.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.

O qeyd edib ki, təhsil sahəsində işləyənlərin 69,22 faizini, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin 81,70 faizini, istirahət, əyləncə - incəsənət sahəsində işləyənlərin isə 61,11 faizini qadınlar təşkil edir. Eyni zamanda, dövlət qulluğunda işləyənlərin 24 faizdən çoxu qadınlardır.

Komitə sədri əlavə edib ki, hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24,44 faizini qadınlar təşkil edir. Həmçinin, Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır: "Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 25 109-u, yaxud 46,7 faizi qadındır ki, onların da 113-ü ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 10-u bələdiyyə sədridir. Muxtar respublikada Ali Məhkəmənin sədri, Ombudsman, komitə sədri və müavini, həmçinin icra başçısının müavinləri, hakim, vəkil və Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində çalışan qadınlarımız da vardır. Muxtar respublikanın idarə və təşkilatlarında onlarla qadın rəhbər vəzifələrdə işləyir. 6 mindən artıq qadın idmanla məşğul olur ki, bu da ümumən idmanla məşğul olanların 24,06 faizi deməkdir".