Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlarla görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlarla görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə növbəti dəfə vətəndaşlarla görüşüb.

Birxeber.Az-nın xəbərinə görə, görüşdən əvvəl qonaqlar təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra təhsil müəssisəsində görkəmli ədib, böyük alim Mir Cəlal Paşayevin adına olan sinif otağına baxış keçirilib, burada yaradılan şərait barədə Niyazi Bayramova məlumat verilib.

Qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov görüşdə iştirak edən xanımları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, hər birinə cansağlığı arzulayıb.

Daha sonra şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, fərdi yaşayış evinin təmiri, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.