İSESCO-nun Mərkəzinin direktoru: Azərbaycan dinlərarası sülhün bərqərər olmasında davamlı səylər göstərir

İSESCO-nun Mərkəzinin direktoru: Azərbaycan dinlərarası sülhün bərqərər olmasında davamlı səylər göstərir

"Azərbaycan dinlərarası sülhün, tolerantlığın bərqərər olmasında davamlı səylər göstərir."

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində "Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış" adlı panel müzakirəsində İSESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru, səfir Khalid Fathalrahman Omer Mohamed deyib.

"Azərbaycan hökumətinə davamlı səylərinə görə təşəkkür edirəm. Azərbaycan dinlərarası sülhün, tolerantlığın bərqərər olmasında davamlı səylər göstərir. Bu konfransın təşkilatçılarına təşəkkür edirəm. Mən burada 54 ölkənin adından çıxış edərək, sizə təşəkkür edirəm. Təşkilatımız sivilizasiyalararası dialoqu təşviq edir. Biz İslam dünyasından olmayan ölkələri də üzvlüyümüzə qəbul edirik", o deyib.

O bildirib ki, İslam və xristian dinlərinin ardıcılları arasında dialoqun güclənməsi üçün təşkilat fəal işləyir:

"COVID-19 pandemiyası bir daha göstərdi ki, insanlar bir-birinə daha da yaxınlaşmalı, əməkdaşlığı gücləndirməlidir. İSESCO təşkilatı sivilizasiyalararası dialoqun davamlılığı üçün səylərini davam etdirəcək, ayrı-seçkiliklə mübarizə aparacaq. İSESCO bu il beynəlxalq forum keçirəcək, bu forum İslamla bağlı məlumatlılığın artması, maariflənməni təşviq edəcək".

İSESCO rəsmisi Qəzzadakı vəziyyətə də toxunub. O deyib ki, Qəzzada "soyqırımı" törədilir.

"Qadınların, uşaqların öldürülməsinə heç bir haqq qazandırıla bilməz", o deyib.