Fərid Şəfiyev: Fransada Natəvanın heykəlinə qarşı vandallıq Azərbaycan əleyhinə yürüdülən siyasətin nəticəsidir

Fərid Şəfiyev: Fransada Natəvanın heykəlinə qarşı vandallıq Azərbaycan əleyhinə yürüdülən siyasətin nəticəsidir

Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktı Azərbaycan əleyhinə yürüdülən siyasətin nəticəsidir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

O xatırladıb ki, Natəvan xeyriyyəçi qadın, şairə olub: "Bu baxımdan Fransada onun heykəlinə qarşı vandalizm aktının törədilməsinə biganə yanaşmaq olmaz. Çünki Azərbaycan hökuməti də Fransanın bu istiqamətdə heç bir addım atmadığını görür. Ona görə də nəticədə abidəni səfirliyimizin ərazisinə köçürdük. Bu vandallıq aktı Fransa hökumətinin siyasətinin nəticəsidir. Bununla bağlı heç bir üzr də istənilmədi. Bu, çox təəssüf doğuran hadisədir. Bu, bir işarə olmalı, bizi birgə fəaliyyətə sövq etməlidir”.

F.Şəfiyev bildirib ki, qlobal media Qərb mediası tərəfindən tənzimlənir: "Azərbaycan ayrıseçkiliyə qarşı tədbirlər keçirəndə həmişə həmin mediaların tənqidinə tuş gəlir. Xüsusilə son bir-iki ildə bu tendensiya mövcuddur. COP29, Ermənistanla münasibətlərlə bağlı da tənqidi fikirlər səsləndirildi. İslamofobiya məsələsində də medianın təsirləri mövcuddur. Çünki çox vaxt birtərəfli yanaşma müşahidə olunur. Dünyadakı geosiyasi problemlərdə də islamofobiyanın təzahürləri özünü göstərir”.