Azərbaycan lideri: XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır

Azərbaycan lideri: XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır

XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır: "Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır.

Bugünkü tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan islamofobiya ilə mübarizə əzmini nümayiş etdirir. Əminəm ki, konfrans islamofobiyaya qarşı birgə səylərlə mübarizəyə, dinlərin və inancların müxtəlifliyinə hörmətə əsaslanan tolerantlıq və sülh mədəniyyətinin təşviqi ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir".