DİM imtahan rəhbərləri və nəzarətçilərini mükafatlandırıb

DİM imtahan rəhbərləri və nəzarətçilərini mükafatlandırıb

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

"Report" xəbər verir ki, iştirakçılar görüşdən öncə DİM-də yaradılan və Azərbaycanın milli qiymətləndirmə tarixini əks etdirən muzeylə tanış olublar.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif təşkilatların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakının vacib olduğunu bildirib.

M.Abbaszadə imtahanların şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin təşkilində öz köməyini əsirgəməyən müəllimlərə DİM-in kollektivi adından təşəkkür edib.

DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahanların idarəedilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı iştirakçılara məlumat verib.

Qeyd edək ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1 953 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 26 zal nəzarətçisi, 6 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Bundan əlavə, müəllimlərə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar verilib.