Qərbi Azərbaycan Xronikası: Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər

Qərbi Azərbaycan Xronikası: Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Qardaşı qətlə, bacısı təcavüzə məruz qalan bəstəkarın qaçqınlıq həyatı” adlı süjet hazırlanıb.

"Birxeber.Az" xəbər verir ki, verilişdə qədim İrəvanın Azərbaycan musiqi sənətinə verdiyi ən dəyərli simalardan biri, Xalq artisti, Dövlət mükafatı laureatı, bəstəkar Səid Rüstəmovun İrəvandan məcburi köçməsindən bəhs olunur.

Bildirilib ki, 1907-ci il mayın 12-də İrəvanın Şəhər məhəlləsində anadan olan Səid Mirəli oğlu Rüstəmovun evləri İrəvanda, Göy məscidin yanında idi. Türkiyədən qayıtdıqdan sonra evlərini dağılmış görən Rüstəmovlar ailəsi 1919-cu ildə Gəncəyə köçürlər. Burada Səidin böyük qardaşı Mir Hüseyn ermənilər tərəfindən öldürülür. Ailə Gəncədə çox qalmır və Ağdaşda məskunlaşır.

Süjetdə vurğulanıb ki, bəstəkar, dirijor və pedaqoq kimi tanınan, fəaliyyəti və həyatı boyu vətən nisgili yaşayan sənətkar 1983-cü il iyunun 10-da Bakıda dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub.

Diqqətə çatdırılıb ki, ictimai xadim kimi də tanınan Səid Rüstəmov yaradıcılığında yaşadığı yanğıları, nisgilini əsərləri ilə izhar edib.

Süjetdə şahidlər Rüstəmovlar ailəsinin acı taleyindən faktlarla söhbət açırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.