Deputat: Qərb Azərbaycan əleyhinə qarayaxmada yerli media strukturlarından istifadə edir

Deputat: Qərb Azərbaycan əleyhinə qarayaxmada yerli media strukturlarından istifadə edir

“Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya proseslərində iştirak hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycanda media azaddır və hər kəsin informasiya ilə təmin olunması üçün şərait, o cümlədən bütövlükdə media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığı tam təmin edilib: “Çox təəssüflər olsun ki, ölkədə bəzi media qurumları “beşinci kolon” funksiyasını yerinə yetirərək bir sıra Qərb dövlətləri və təsisatlarının imperialist niyyətlərinin aləti kimi çıxış edir.

Xüsusən Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində müstəsna qələbəsindən sonra münaqişə və separatizmin qismində alətlərindən məhrum olduğu üçün daha da radikallaşan Qərb Azərbaycan əleyhinə qarayaxma kampaniyasında yerli media strukturlarından böyük "uğurla" istifadə etməkdədir. Əslində sırf bu kimi məqsədlər üçün formalaşdırılmış adıçəkilən media təsisatlarının əksəriyyəti uzun müddət idi ki, "azad media" prinsipləri altında pərdələnərək təxribatçılıqla məşğul idi. Lakin Azərbaycan dövləti qarayaxma kampaniyalarına təmkinlə yanaşır, təxribatçılıqla məşğul olmalarına baxmayaraq, yerli mediada "yaradıcı" prosesə müdaxilə etmirdi. Lakin milli təhlükəsizlik məsələləri hər bir dövlət üçün prioritetdir və Azərbaycan ölkənin fiziki sərhədlərini aşa bilməyən düşmənin daxildən “beşinci kolon” vasitəsilə milli təhlükəsizliyi təhdid etməsinə də imkan verə bilməzdi. Bu baxımdan ölkədə bəzi media qurumları ətrafında həyata keçirilən əməliyyat-axtarış tədbirləri heç bir formada media azadlığı kontekstində qiymətləndirilə bilməz. Hüquq-mühafizə orqanları səhihliyi şübhə doğurmayan faktlara və təkzibedilməz dəlillərə əsaslanaraq aidiyyəti tədbirləri həyata keçirib”.

Bəhruz Məhərrəmov bildirib ki, bu tip media qurumları daha çox Qərbin təsir aləti kimi formalaşdığı üçün onlar barəsində görülən qanuni və hüquqi tədbirlər Qərbin qeyri-adekvat reaksiyaları ilə müşahidə olunur: “Təbii ki, bu təsisatların, ələlxüsus xəyanətkar şəbəkənin formalaşdırılmasında müstəsna rola malik USAID başda olmaqla, bir sıra Qərb fondları, hüquq-müdafiə adı altında fəaliyyət göstərən təşkilatların iç üzü Azərbaycana bəllidir.

Çox da uzaq olmayan periodlarda bu təsisatların elə MDB məkanında həyata keçirdiyi dağıdıcı xarakterli təxribatları yaxşı xatırlayırıq. Ələlxüsus USAID-in əvvəlki rəhbərlərindən fərqli olaraq, Samanta Pauer Azərbaycana və bütövlükdə Türk-İslam dünyasına nifrətini gizlətmir. Belə bir məqamda, təbii ki, Qərb şəbəkəsinə daxil olan subyektlərin aktivləşəcəyi gözlənilən idi. Ssenari isə dəyişməyib - yerli uzantılar vasitəsilə daxildə qarışıqlıq yaradılır, əgər təxribat baş tutarsa, bu prosesin, dövlət adekvat tədbirlərlə təxribatın qarşısını almağı bacararsa, bu halda "medianın təzyiqlərə məruz qalması" mövzusu ətrafında anti-Azərbaycan kampaniyaya başlanır. Təsadüfi deyil ki, ötən gün heç bir auditoriyası və fərqli media fəaliyyəti olmayan Toplum TV-də əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi artıq bəzi Qərb paytaxtlarında rəsmi reaksiyalara səbəb olub. Maraqlıdır, bu reaksiyaları verənlər bütövlükdə Toplum TV-nin fəaliyyəti barədə hər hansı məlumata malikdirmi? Aydındır ki, verilən reaksiyalar öncədən hazırlanaraq paylanan anti-Azərbaycan kampaniyanın bir hissəsi olan tezislərdir. Əgər USAID başda olmaqla, Qərb təsisatları media azadlığı və jurnalist fəaliyyəti ilə bağlı həssasdırsa, 30 il davam etmiş işğal nəticəsində Qarabağ və Şərqi Zəngəzurun dağıdılmış və əmlakı talan edilmiş media strukturlarının taleyi barədə niyə bir kəlmə də olsun danışmayıb, yaxud üç il öncə eyni gündə mina terroruna qurban gedən azərbaycanlı jurnalistlərin taleyini görməzdən gəlib? Yaxud azad media ideallarından dəm vuranların Edvard Snouden, Culian Assanj kimi şəxslərin başına hansı oyunlar açdığı hər kəsə bəllidir. Elə ABŞ-nin özündə müxalif mövqeyinə görə Donald Trampın əsas müraciət platforması olan "twitter" sosial hesabı niyə bloklanmışdı? Yəni biz proseslərdən agahıq və Qərbin riyakar oyunları və saxta ssenariləri bizi yolumuzdan döndərə bilməz. Necə ki uzun illərdir, Azərbaycanda şəbəkə vasitəsilə qarışıqlıq yaratmaq cəhdləri uğursuzluğa düçar olur, bu kimi cəhdlər bundan sonra da fiaskoya məhkumdur. Azərbaycan bərabərtərəfli əməkdaşlığa açıqdır, lakin heç bir qüvvə qalib Azərbaycanla diqtə dilində danışa, təhlükəsizlik adası olan Azərbaycanda daxili sabitliyə xələl gətirə bilməz. Azərbaycan suveren və maraqlarını təmin etməyə qadir qüdrətli dövlət olaraq milli maraqlarımızı hədəfə alan istənilən təhdidə qarşı qanuni mübarizədə barışmazdır və anti-Azərbaycan şəbəkələr, habelə onların yerli dayaqlarının fəaliyyətinə imkan verməyəcək”.