Estoniya Baş naziri Avropa Komissiyasının rəhbəri postuna namizəd olmayacaq

Estoniya Baş naziri Avropa Komissiyasının rəhbəri postuna namizəd olmayacaq

Estoniyanın Baş naziri Kaya Kallas Avropa Komissiyasının rəhbəri postuna namizəd olmayacağını deyib.

APA ERR-ə istinadən xəbər verir ki, Baş nazir Kaya Kallas bu ilin iyununda keçiriləcək Avropa Parlamenti seçkilərində Liberallar və Demokratlar Alyansı Partiyasının (ALDE)/Avropa Yenilənməsi Partiyasının əsas namizədi kimi heç bir təklifi qəbul etməyəcəyini bildirib.

"Mən bu təklifi hərtərəfli nəzərdən keçirdim və bunun həm müsbət, həm də mənfi tərəfləri var. Lakin mən ALDE rəhbərliyinə bu rolu götürməmək qərarım barədə məlumat verdim", - deyə Kallas hökumətin mətbuat konfransında bildirib. O, Estoniyanın Baş naziri vəzifəsini davam etdirmək istədiyini deyib.

Qeyd edək ki, Kaya Kallas 2014-2019-cu illərdə Avropa Parlamentinin deputatı olub. Avropa Komissiyasının Prezidenti postuna seçkilərdə hər bir Avropa partiyası Avropa Komissiyasının sədri olacaq aparıcı namizədini seçir.