Ötən il 141 uşaq övladlığa verilib, 197-si ailə himayəsinə qaytarılıb

Ötən il 141 uşaq övladlığa verilib, 197-si ailə himayəsinə qaytarılıb

2023-cü ildə övladlığagötürmə ilə bağlı müraciət sayı 353, övladlığa verilmiş uşaq sayı isə 141 olub.

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, övladlığagötürmə ilə bağlı aparılan monitorinq sayı isə 1145 olub:

"Övladlığagötürülən uşaqlardan 91 nəfəri yaxın qohumu, 27 nəfəri ögey ata (ana) tərəfindən övladlığa götürülüb".

O qeyd edib ki, Agentlik həmçinin uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də davamlı işlər həyata keçirir:

"Belə ki, bu Qeytkipinq prosesi çərçivəsində 1270 uşaq üçün Fərdi İnkişaf Planı hazırlanıb. Ötən il ərzində 696 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət edilib. 269 uşağın müəssisəyə yerləşdirilməsinə, 344 uşağın ailə himayəsində saxlanmasına dair qərar verilib. 35 uşaqla bağlı proses davam edir, 135 uşaqla bağlı müraciət digər qurumlara yönləndirilib və ya hədəf qrupundan kənar hesab edilib. Ümumilikdə ötən il ərzində 197 uşaq ailə himayəsinə qaytarılıb".