KİV: Türkiyə SQ İraqın şimalında PKK-ya qarşı quru əməliyyatına hazırlaşır

KİV: Türkiyə SQ İraqın şimalında PKK-ya qarşı quru əməliyyatına hazırlaşır

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarına qarşı genişmiqyaslı yerüstü hərbi əməliyyat keçirməyi planlaşdırır.

Birxeber.Az xəbər verir ki, bu barədə yerli “Hürriyet” nəşri yazıb.

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumət iclasından sonra verdiyi "İraqla sərhədlərimizdə təhlükəsizliyi təmin edəcək dairəni tamamlamaq üzrəyik" açıqlaması ilə İraqın şimalında əməliyyatın keçiriləcəyi ehtimalları daha da çoxalıb.

Ərdoğan əlavə edib ki, həmin məsələ bu yay həmişəlik öz həllini tapacaq.

Həmçinin əlavə olunub ki, ilk olaraq “Pəncə Kilid” əməliyyatının həyata keçirildiyi bölgədə genişmiqyaslı yerüstü əməliyyatlar həyata keçiriləcək.
Yerüstü əməliyyatla yanaşı həmin bölgədəki terror yuvaları havadan endirilən zərbələrlə məhv ediləcək.

Hazırda həmin ərazilərdə Türkiyə ordusunun müvəqqəti və daimi bazalarının möhkəmləndirilməsi davam edir. Hərbi əməliyyatlar barədə İraq mərkəzi hökuməti və Bərzani ailəsinin nəzarətində olan Ərbil rəhbərliyi ilə razılıq əldə edilib.