Markesin yayımlanmasını istəmədiyi son romanı çap olunub

Markesin yayımlanmasını istəmədiyi son romanı çap olunub

Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin yayımlanmasını istəmədiyi romanı çap olunub.

Birxeber.Az CNN-ə istinadən xəbər verir ki, 2014-cü ildə ölümündən sonra Ədəbiyyat üzrə Nobel Mükafatı laureatının həyatının son illərində üzərində işlədiyi beşə qədər qaralamadan ibarət yarımçıq işi Texas Universitetindəki şəxsi arxivində saxlanılırdı.

Mərhum yazıçının 97 yaşı ərəfəsində onun oğulları Rodriqo və Qonzalo Qarsiya yazıçının "Avqustda görüşərik" romanını dərc edib.

Qarsiya Markes sağ olarkən əsərin yayımlanmasını istəməyib. Markesin oğlanları bildirib ki, ataları sağ olan zaman bu kitabdan razı qalmayıb və həmişə deyib ki, əlyazmaları məhv etmək lazımdır.

Kitabda Markesin oğulları onun nəşrinin "xəyanət" aktı olduğunu etiraf edirlər. Lakin Qonzalo mətbuat konfransında atasından qalan romanın müxtəlif qaralamalarına daxil edilməyən heç bir şeyin əlavə edilmədiyini və onun olduğu kimi dərc olunduğunu deyib.

Qardaşlar Madriddəki Servantes İnstitutunda kitabı təqdim edərkən, "Roman müəyyən mənada orijinalda bir az dağınıq idi, lakin tamamlandı" deyə bildiriblər.

Qarsiya Markes demensiyadan əziyyət çəkməyə başlayana qədər bir neçə il bu roman üzərində çalışıb, lakin kolumbiyalı yazıçının yaddaşındakı problemlər onun əsərinə olan inamını sarsıdıb.