AERA enerji mütəxəssisi hazırlayan ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlıdır

AERA enerji mütəxəssisi hazırlayan ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlıdır

Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) energetika sahəsi üzrə ixtisaslarda mütəxəssis hazırlığı aparan ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlıdır.

“Report”un AERA-ya istinadən verdiyi məlumata görə, bunu Agentliyin “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində (SDU) təşkil edilən seminarda qurumun Mətbuat sektorunun müdiri Zeynəb Kazımova bildirib.

Layihə barədə danışan Z.Kazımova ötən dövrdə tədbirlərin onlayn və üzbəüz formatda bir sıra ali məktəblərlə birgə təşkil edildiyini bildirib. O, həmçinin tədbirin keçirilməsində göstərdiyi dəstəyə və tədbirdə iştirakına görə SDU-nun rektoruna minnətdarlıq ifadə edib.

SDU-nun rektoru Rüfət Əzizov bu kimi tədbirlərin qurumlararası əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib. O, seminarın SDU-da təşkilinə görə AERA rəhbərliyinə təşəkkürünü bildirib, energetika sahəsində mütəxəssis hazırlığının həyata keçirilməsində Energetika Nazirliyi, o cümlədən AERA ilə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.

Seminar Agentliyin Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Elmar Güləliyevin “Azərbaycan Respublikasının enerji sisteminə baxış və bərpa olunan enerji sahəsində hədəflər“ mövzusunda təqdimatı ilə davam edib.

Tədbirdə AERA-nın nümayəndələri, SDU-nun professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr iştirak ediblər. Tədbirdə agentliyin fəaliyyəti haqqında qısa videoçarx da nümayiş etdirilib.

Yekunda maraq doğuran suallar ətrafında geniş sual-cavab sessiyası baş tutub.

Tədbirdən sonra AERA-nın nümayəndələri SDU-nun açıq səma altında təşkil edilmiş Elektroenergetika tədris muzeyi və tədris poliqonu ilə tanış olublar.