Kolleclərdə tələbələrə akademik məzuniyyətin verilməsi qaydası açıqlanıb

Kolleclərdə tələbələrə akademik məzuniyyətin verilməsi qaydası açıqlanıb

Tələbələrin orta ixtisas təhsili müəssisələrində təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydası açıqlanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydasında əksini tapıb.

Tələbəyə (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək; ailə vəziyyətinə görə (təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş hallar üzrə) - 1 il müddətinədək; səhhətinə görə - həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (1 ildən çox olmamaqla); sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə; xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı orta ixtisas təhsili müəssisəsində öz ixtisası və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə mövcud təhsilalma formasında və orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən olunan uyğun ixtisasda təhsilini davam etdirə bilər.