Tanınmış alim Paşa Kərimov vəfat edib

Tanınmış alim Paşa Kərimov vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov 65 yaşında vəfat edib.

Bu barədə "Birxeber.Az"a AMEA-dan məlumat verilib.

Tanınmış alim P.Kərimov uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunurdu.

Mərhumla vida mərasimi bu gün yaşadığı evində keçiriləcək, daha sonra “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Paşa Əli oğlu Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.

1982-ci ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləmişdir. 1999-2003-cü illərdə institutun elmi katibi, 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1 noyabr 2011-ci il tarixindən 11 fevral 2014-cü il tarixinədək Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra etmişdir. 2014-cü ildən vəfatına kimi institutun direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin 2015-ci ildən institutun Multidissiplinar əlyazmalar və əski çap kitabları şöbəsinin müdiri idi.

1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda namizədlik, 2012-ci ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Alim klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olurdu. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasir və Mirzə Baxış Vadimin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir.

2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülmüşdür. Prezident İlham Əliyevin 3 noyabr 2015 ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 mart 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində “Elm və texnologiya” nominasiyası üzrə xüsusi mükafata layiq görülmüşdür.

Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış Dissertasiya şurasının sədri, UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini idi.

Müxbirlər: Samirə Abdullayeva, Gülçin Cəmil