"Nikosayağı”ya hökm oxunub - YENİLƏNİB - VİDEO

"Nikosayağı”ya hökm oxunub - YENİLƏNİB - VİDEO

"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Nicat Şakirli barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, dövlət ittihamçısı Nicat Şakirlinin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

***

10.04

"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Daha sonra prosesdə Nicar Şakirli son söz deyib. O, çıxışında qəzada ölən dostunun ailəsindən üzr istəyir:

"Allah onsuz mənim cəzamı verib. Dostumun ailəsindən üzr istəyirəm. Hadisə ilə bağlı özümü təqsirli bilirəm. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəm. Ölən şəxs öz qardaşımdan seçilmir. Veriləcək hər cəzanı da çəkməyə hazıram".

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Qeyd edək ki, hadisə ötən il avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.

Blogerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.