Bakı hava limanında sərnişin axını fevralda 50 %-dən çox artıb

Bakı hava limanında sərnişin axını fevralda 50 %-dən çox artıb

Bu ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 471 mindən çox sərnişinə xidmət göstərərək sərnişin axınını artırmaqda davam edib.

"Birxeber.Az" hava limanına istinadən xəbər verir ki, bu, 312 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,7 % çoxdur.

Fevralda 13-ü aşağı büdcəli (loukoster) olmaqla, 33 aviaşirkət 3853 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,5 %-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 215 mindən çox, “Azərbaycan Hava Yolları” QSC isə 211 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 44 mindən çox sərnişin daşınıb. Bununla yanaşı, tranzit sərnişinlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 106 % artaraq 25 min nəfər təşkil edib.

Ötən ay Bakı hava limanından ən populyar beynəlxalq istiqamətlər İstanbul, Əbu-Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub ki, burada 228 mindən çox sərnişinə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu xidmətlərini təkmilləşdirməkdə və sərnişinlərin tələbatını ödəməkdə davam edir.