Van İ: Çinlə Avropanın qarşılıqlı maraqları fikir ayrılıqlarından daha çoxdur

Van İ: Çinlə Avropanın qarşılıqlı maraqları fikir ayrılıqlarından daha çoxdur

Çin və Avropanın qarşılıqlı maraqları iki tərəf arasındakı fikir ayrılıqlarından qat-qat çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) 2-ci sessiyası çərçivəsində keçirilmiş mətbuat konfransında deyib.

“Çin və Aİ arasında heç bir geostrateji ziddiyyət olmadığı kimi fundamental maraqların toqquşması da yoxdur. Hər iki tərəfin ümumi maraqları fikir ayrılıqlarından qat-qat çoxdur”, – Çinin baş diplomatı söyləyib.

Van İnin fikrincə, tərəflər arasında “münasibətlərin əsas motivi əməkdaşlıq, əsas dəyəri müstəqillik, inkişaf perspektivi qarşılıqlı qazanc olmalıdır”.

O həmçinin Çin – Avropa münasibətlərinin bütün yolu boyunca “yaşıl işığın yanacağına” ümid etdiyini vurğulayıb:

“Güclü Avropa Çinin uzunmüddətli maraqlarına uyğundur, necə ki güclü Çin də Avropanın fundamental maraqlarına uyğundur".

XİN başçısı qeyd edib ki, Çin və Avropa multilateralizmi, açıq inkişafı birgə tətbiq etməli və sivil dialoqu təşviq etməlidir. Onun sözlərinə görə, nə qədər ki Çin və Avropa qarşılıqlı fayda üçün əməkdaşlıq edəcək, blok qarşıdurması olmayacaq.