Budapeşt Şoltsun Ukraynaya “Taurus” verməməsindən razı qalıb

Budapeşt Şoltsun Ukraynaya “Taurus” verməməsindən razı qalıb

Almaniya kansleri Olaf Şolts Ukraynaya “Taurus” uzaqmənzilli raketlərini verməkdən imtina edərək ağıllı hərəkət edib.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto kanslerin almaniyalı hərbçilərin sızdırılmış danışıqlarına reaksiyasını “RİA Novosti”yə şərh edərkən söyləyib.

“Düşünürəm ki, kanslerin dedikləri guya bəzi hərbi rəsmilərin dediklərindən daha vacibdir”, – Siyarto deyib. Nazir Şoltsun davranışını məsuliyyətli və ağıllı adlandırıb.

Xatırladaq ki, martın əvvəlində Kremlin beynəlxalq təbliğat vasitələrindən olan RT-nin baş redaktoru Marqarita Simonyan almaniyalı zabitlərin Kiyevə “Taurus”un ötürülməsi və “Krım körpüsünü necə vuracaqlarını” müzakirə etdiyi danışığı dərc edib. Danışığın dərc olunmasında sonra da kanslerin “Taurus”la bağlı mövqeyi dəyişməyib. Eyni zamanda, hökumət başçısı sızma ilə bağlı hərtərəfli və sürətli araşdırmanın aparılacağını bildirib.

Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukranaya genişmiqyaslı hücumu zamanı Macarıstanın Baş naziri Viktor Orban və XİN başçısı Peter Siyarto avropalı həmkarlarından fərqli olaraq Ukraynanı dəstəkləməkdə tələsməyib və Rusiyanın bu əməllərini pisləməkdə ehtiyatlı davranıblar. Orbanın hökuməti NATO və Avropa İttifaqının Rusiyaya ən yaxın üzvüdür. Macarıstan Ukrayna ilə birbaşa qonşu olan, Rusiya ilə sıx siyasi və iqtisadi əlaqələri olan bir ölkədir.