Baydenin administrasiyası Ukrayna üçün Pentaqonun rezervlərindən pul ayırmağı gözdən keçirir

Baydenin administrasiyası Ukrayna üçün Pentaqonun rezervlərindən pul ayırmağı gözdən keçirir

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya təxirəsalınmaz dəstək vermək üçün ABŞ-nin hərbi maliyyələşdirməsindən təxminən 200 milyon dollar istifadə etmək imkanını gözdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən bildirib.

Nəşrə görə, Konqresdə daha böyük yardım paketi əngəlləndiyindən Bayden administrasiyası Ukraynaya təxirəsalınmaz dəstək vermək üçün ölkənin hərbi maliyyələşdirməsindən təxminən 200 milyon dollar ayırmağı düşünür.

Bildirilib ki, vəsaitlər vacib silahlar, təchizat və digər avadanlıqlarla təmin etmək üçün istifadə oluna bilər, çünki Ukrayna son həftələrdə Rusiya qoşunlarının yavaş irəliləyişləri fonunda artilleriya çatışmazlığı ilə üzləşir.

“Pentaqonun ehtiyatlarından az miqdarda istifadə ilə bağlı müzakirələr Ağ evin Ukraynaya mümkün istənilən dəstəyi tapmaq üçün çılğın səylərinin örnəyidir.

Lakin potensial maliyyə Prezident Co Baydenin Konqresdən tələb etdiyi Ukraynaya 61 milyard dollardan çox yardımla müqayisədə cüzidir”, – “Bloomberg” qeyd edib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson bildirib ki, federal hökumətin maliyyələşdirilməsi məsələsi həll olunan kimi Ukraynaya əlavə maliyyə ayrılması ilə bağlı qanun layihəsinə baxılacaq.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Ukraynaya genişmiqyaslı hücumunun ikinci ildönümü ərəfəsində şərq istiqamətində irəliləyərək bir neçə kəndlə yanaşı Avdiivka şəhərini işğal edib. Ağ ev şəhərin itkisini “Konqresin hərəkətsizliyinin nəticəsi” adlandırıb.