Çexiya və Slovakiyanın Moskva və Kiyevə münasibətdə fikir ayrılığı ilə bağlı arası dəyib

Çexiya və Slovakiyanın Moskva və Kiyevə münasibətdə fikir ayrılığı ilə bağlı arası dəyib

Çexiya Slovakiya ilə nazirlər kabinetinin növbəti birgə iclasını Rusiya və Ukraynaya münasibətdə fikir ayrılıqları səbəbindən yaranan münaqişəyə görə ləğv edib.

“Report” xəbər verir ki, bu barədə BBC yazıb.

Telekanal qeyd edib ki, belə görüşlər mütəmadi olaraq keçirilir və son dərəcə yaxın əlaqələri olan və müəyyən müddət öncə vahid dövlət şəklində olan iki ölkə üçün bu görüşlərin ləğvi olduqca qeyri-adi haldır.

Münaqişə Slovakiyanın xarici işlər naziri Yuray Blanarın Antalyada keçirilən diplomatik sammit çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra yaranıb.

Slovakiya qonşusu tərəfindən bu danışıqlara görə ağır tənqid edilib, Slovakiyanın Baş naziri Robert Fitso ölkəsinin suveren xarici siyasət yürüdən, “dünyanın dörd bir tərəfi ilə” qarşılıqlı əlaqədə olan ölkə olduğunu söyləyib.

Telekanala görə, Çexiya və Slovakiyanın Rusiyaya qarşı siyasəti və Ukraynaya dəstəyi indi, demək olar ki, diametral şəkildə əksdir.

Fitso bu yaxınlarda Rusiyaya simpatiyasını növbəti dəfə bəyan edərək Rusiya Prezidenti Vladimir Putinin “əsassızca şeytanlaşdırıldığını” və savaşın 2014-cü ildə “ukraynalı neonasistlərin təcavüzü” səbəbindən başladığını irəli sürüb. Onun fikrincə, bu münaqişənin hərbi yolla həlli yoxdur və vəziyyəti sülh yolu ilə həll etməyin yollarını axtarmaq gərəklidir.

Çexiyaya görə isə Ukraynada sülh Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən tamamilə çıxarılmasından ibarətdir. Praqa Avropa İttifaqından kənar mənbələrdən Ukrayna üçün təcili olaraq 800 min mərmi almaq təşəbbüsü ilə çıxış edir və daim Ukraynanı bütün lazımi silahlarla təmin etməyə çağırır. Çexiya hətta Böyük Britaniya və Polşadan əvvəl də Ukraynaya tank tədarük edən ilk ölkə idi.