FA “Nottinhem Forest” və onun məşqçisinə ittiham irəli sürüb

FA “Nottinhem Forest” və onun məşqçisinə ittiham irəli sürüb

İngiltərənin Futbol Assosiasiyası (FA) “Nottinhem Forest” və onun əsas heyətinin məşqçisi Stiven Ridə “Liverpul”a qarşı oyundan sonra referi Pol Tirni ilə mübahisə zamanı nalayiq hərəkətlərə yol verilməsi ilə əlaqədar ittiham irəli sürüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İngiltərənin ali futbol qurumunun mətbuat xidməti bildirib.

İddia olunur ki, Ridin Tirniyə qarşı üslubu alçaldıcı və ya təhqiramiz olub, bu da onun meydandan qovulmasına səbəb olub və o, qovulduqdan sonra qeyri-münasib hərəkətə yol verib.

“Notinhem Forest” isə oyunçuların və texniki heyətin düzgün davranışını təmin etməməkdə ittiham olunur. Rid və klubun ittihamlara cavab verməsi üçün martın 13-dək vaxtları var.

Xatırladaq ki, martın 2-də “Nottinhem Forest” doğma meydanda “Liverpul”a yenilib. Uruqvaylı Darvin Nunyes 99-cu dəqiqədə, “qırmızılar”ın faktiki olaraq son hücumunda topu qapıya göndərərək komandasına vacib üç xalı qazandırıb. Oyundan sonra “meşəçilər”in personalı hakim üzərinə gedərək onunla mübahisə etməyə başlayıblar.