ADY-də 8 Mart münasibətilə “Polad zəriflər” adlı tədbir keçirilib

ADY-də 8 Mart münasibətilə “Polad zəriflər” adlı tədbir keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Polad zəriflər” adlı tədbir keçirib. 6 mart tarixində Azərbaycan Dəmiryol Muzeyində baş tutan tədbirdə şirkətin 100-dən çox qadın əməkdaşı və ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış mütəxəssislər iştirak edib.

"Birxeber.Az Economics" xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADY-nin Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılova 143 illik tarixə malik Azərbaycan dəmir yollarında öz əməyi ilə seçilən qadınları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd qadınlara karyeralarında inamla addımlamaları üçün dəstək göstərməkdir.

Bu gün qadınlar dəmir yolu sənayesinin innovativ inkişafına mühüm töhfə verir, əməliyyat və texniki vəzifələrdən tutmuş yüksək rəhbərliyə qədər bütün strukturlarda təmsil olunurlar.

Tədbirdə çıxış edən insan resurslarının idarə edilməsi üzrə beynəlxalq ekspert Gülzar Quliyeva qadınların liderlik keyfiyyətlərindən bəhs edib və dəmiryolçu xanımların suallarını cavablandırıb.

Daha sonra çıxış edən ADY-nin Sərnişin daşımaları departamentinin xidmət rəisi Təranə Bədəlova dəmiryol sahəsindəki 40 illik karyera yolu və həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.

Dünya Bankının gender bərabərliyi üzrə baş məsləhətçisi Şəms Mustafayeva dəmir yollarında qadınlar üçün yaradılmış peşəkar imkanlardan danışıb, həkim radioloq Aynur Xanməmmədova isə qadınlara sağlamlıqla bağlı məsləhətlərini verib.

Tədbir ifaları ilə sosial mediada məşhurlaşan Sumqayıt məktəblisi Nuray Şahsuvarlının musiqili çıxışı ilə davam edib.

Günümüzdə 2 mindən çox qadın əməkdaşın çalışdığı ADY cəmiyyətdə bərabərlik prinsiplərinə xüsusi önəm verərək dəmir yollarında fəaliyyət göstərən hər kəsin eyni imkanlara sahib olmasını, onların şəxsi həyat və iş balansının qorunmasını təmin edir. Bu da dəmiryolçu peşələrini qadınlar üçün daha əlçatan və cəlbedici edir.

Eyni zamanda şirkət tərəfindən davamlı olaraq dəmir yollarında çalışan qadınların peşəkar inkişafını dəstəkləmək və karyeralarını yüksəltmək üçün təlim proqramları təşkil edilir.

Qadın dəmiryolçularımız bundan sonra da öz bilik və bacarıqları, əzmkarlıqları və yüksək peşəkarlıqları ilə nəqliyyat sahəsinin inkişafına dəyərli töhfələrini verəcəklər.