Vəkillər Kollegiyasının nümayəndə heyəti Serbiyada rəsmi səfərdə olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti Serbiyada rəsmi səfərdə olub

1-2 mart tarixlərində Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri - Lalə Nağıyeva, İlhamə Həsənova və ARVK Aparatının baş hüquqşünas məsləhətçisi Səttar Məmmədov Serbiya Vəkillər Kollegiyasının (SVK) dəvəti ilə Serbiyada Vəkil Günü münasibətilə keçirilən təntənəli tədbirdə iştirak etmək üçün Belqrad şəhərində rəsmi səfərdə olub.

"Report" xəbər verir ki, Tədbirdə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Pierre-Dominique Schupp, Beynəlxalq Vəkillər Assosiasiyasının (UIA) prezidenti Jacqueline Scott, dünyanın müxtəlif ölkələrindən vəkillər kollegiyaları və hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

ARVK nümayəndə heyəti səfərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərində yerləşən büstünü ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad edib.

Tədbir çərçivəsində ilk olaraq SVK tərəfindən qonaqlar üçün rəsmi qəbul təşkil olunub. Növbəti gün isə Serbiya Respublikasının Parlamentinə, Serbiyanın Tarix Muzeyinə və Müqəddəs Sava kilsəsinə səfər təşkil edilib.

Sonra SVK tərəfindən “Kolarac” konsert zalında rəsmi mərasim təşkil olunub. Tədbirin əvvəlində SVK-nın prezidenti Veljko Delibasic açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Daha sonra tədbir iştirakçılarına Serbiya vəkilliyinin tarixi barədə məlumat verilib.

Mərasimin davamı olaraq qonaqlar üçün xüsusi konsert proqramı, günün sonunda isə rəsmi ziyafət təşkil olunub.

Səfər çərçivəsində Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) şərqi Avropa komitəsinin sədri Rajko Maric ilə keçirilən görüşdə Azərbaycanda vəkillik sahəsində son illərdə görülən işlərin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb və birgə müxtəlif layihələrin həyata keçirilməsi üzrə ilkin razılıqlar əldə edilib.

Bundan başqa, ötən müddət ərzində qurulan əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədilə CCBE, UIA və SVK-nın nümayəndə heyətləri, habelə digər ölkələrin vəkillər kollegiyaları ilə ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.