Ceyhun Bayramov Konqo Prezidentinin şəxsi nümayəndəsi ilə görüşüb

Ceyhun Bayramov Konqo Prezidentinin şəxsi nümayəndəsi ilə görüşüb

6 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Konqo Respublikasının Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransua Joli ilə görüşüb.

XİN-dən Birxeber.Az-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Konqo arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib.

Görüşdə, Afrika ölkələri ilə əməkdaşlığın inkişafının ölkəmizin əsas xarici siyasət prioritetlərindən biri olduğu vurğulanıb. Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticarət və energetika, eləcə də təhsil və humanitar sahələrdə münasibətlərin genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu bildirilib.

Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub. Qoşulmama Hərəkatı üzv dövlətləri üçün təqaüd proqramı çərçivəsində Konqodan olan tələbələrin ölkəmizdə təhsil olması, QH gənclər təşkilatında nümayəndələrin iştirakı üçün imkanlar nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını diqqətə çatdırıb.

Daha sonra, qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər barədə fikir mübadiləsi aparılıb.