Ermənistan Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərib

Ermənistan Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərib

Ermənistan Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərib.

Birxeber.Az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı bildirib.

Qriqoryanın sözlərinə görə, ölkə rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Ermənistanın Sərhəd Xidmətinin əməkdaşları İrəvanın “Zvartnots” hava limanında xidmət etməlidir və ölkənin bunun üçün bütün imkanları var.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bu gün Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində jurnalistlərə bildirib ki, Ermənistan tərəfdən Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” aeroportundan çıxarılması ilə bağlı qərar verilməyib və bu barədə Rusiya məlumatlandırılmayıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılmasının vacibliyinə dair səsləndirdiyi fikirləri rəsmi İrəvanın Kremlə qarşı növbəti qeyri-dost davranış nümunəsi kimi qiymətləndirib və bildirib ki, məsələ ilə bağlı Ermənistan hakimiyyətindən heç bir müraciət daxil olmayıb.

Onun ardınca isə Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun nəticələrinə dair jurnalistlərlə söhbəti zamanı bildirib ki, Ermənistan paytaxtındakı “Zvartnots” hava limanını mühafizə edən rus sərhədçilərinin orada mövcudluğunun mümkünlüyü ilə bağlı İrəvan və Kreml arasında müzakirə aparılmır.