Bakı Limanının 2-ci fazasının genişləndirilməsi çərçivəsində aparılan işlər açıqlanıb

Bakı Limanının 2-ci fazasının genişləndirilməsi çərçivəsində aparılan işlər açıqlanıb

Bakı Limanının 2-ci fazasının genişləndirilməsi çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi işləri aparılır.

APA-Economics” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

“Hesabat ilində (2023-ci il – red.) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC tərəfindən Bakı Limanının 2-ci fazasının genişləndirilməsi çərçivəsində müvafiq məlumatlar toplanıb, texniki-iqtisadi əsaslandırma, ümumi planlaşdırma, layihə və tender sənədləri hazırlanıb. Hazırda ətraf mühitə təsirin qiymətləndirilməsi işləri davam etdirilməkdədir”, - hesabatda qeyd olunur.

Bildirilib ki, son illər Bakı Limanına daxil olan Azərbaycan Respublikasının Dövlət bayrağı və Xarici bayraq altında üzən gəmilərin sayının və onların giriş/çıxış intensivliyinin artması nəzərə alınaraq, Bakı Limanının giriş kanalına gəmilərin ikitərəfli təhlükəsiz giriş-çıxışının və Dübəndi Neft Terminalına maneəsiz giriş/çıxışının təmin edilməsi və dibdərinləşdirmə işlərinin həyata keçirilməsi məqsədilə 2023-cü il 1 iyun tarixinde "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Bakı Gəmiqayırma Zavodu" MMC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." Şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.

Sazişə əsasən Bakı Gəmiqayırma Zavodunda Şirkətlə birgə Azərbaycanda ilk dəfə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Bakı Limanının akvatoriyasında dərinliyin qorunub saxlanması üçün həm giriş kanalı, həm də limanın körpüləri də daxil olmaqla digər hissələrində mütəmadi dibdərinləşdirmə işlərinin aparılmasına xidmət edəcək.