Moldova və Fransa müdafiə sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaq

Moldova və Fransa müdafiə sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaq

Moldova və Fransa müdafiə sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaq.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezident Ofisnin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Fransa prezidenti Emmanuel Makron və Moldova prezidenti Maia Sandu martın 7-də Parisdə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar.

Yelisey sarayından verilən məlumata görə, Makron və Sandu "bütün sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər". "Səfər zamanı müdafiə sahəsində əməkdaşlıq sazişi və iqtisadi əməkdaşlıq üçün yol xəritəsi imzalanacaq".

Prezidentlərin Fransa paytaxtında görüşü Moldovanın separatçı Dnestryanı bölgəsinin rəsmilərinin ötən həftə Rusiyaya “qoruma” üçün müraciət etməsindən sonra baş tutacaq.

"Prezident Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi kontekstində Moldova Respublikasının müstəqilliyi, suverenliyi və təhlükəsizliyinə Fransanın dəstəyini bir daha bəyan edəcək”, - deyə bəyanatda vurğulanıb.