Hidayət Abdullayev: "Aktiv məşğulluq proqramlarında qadınların iştirakına önəm verilir"

Hidayət Abdullayev: "Aktiv məşğulluq proqramlarında qadınların iştirakına önəm verilir"

Azərbaycanda ötən il ərzində 44 min 500 qadın işlə təmin olunub.

"Birxeber.Az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Bakıda keçirilən "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə 427 minə qədər şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub: "Bununla yanaşı, 5 300 qadın əmək bazarına uyğun olan peşə kurslarına cəlb edilib".

Nazir müavini bildirib ki, dövlət məşğulluq siyasətlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır: "Bu sahədə aparılan işlərin müsbət nəticəsi olaraq əmək bazarında qadınların iştirak səviyyəsi ildən-ilə artır. Hətta bir sıra sahələrdə işləyənlərin daha böyük hissəsi qadınlar təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aktiv məşğulluq proqramlarında qadınların iştirakına önəm verir".

Tədbirdə Çexiya-Moraviya Biznes Qadınları və Menecerləri Assosiasiyasının prezidenti Katerina Harinq Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasını (AQSİA) öz sıralarına qoşulmağa dəvət edib.

Onun sözlərinə görə, bu, qadın sahibkarlar arasında beynəlxalq səviyyədə əməkdaşlığın və təcrübə mübadiləsinin aparılmasına kömək edəcək.