Deputat: Bələdiyyələr birləşdirilərsə, yerli məsələlərin həllində daha fəal iştirak edə bilərlər

Deputat: Bələdiyyələr birləşdirilərsə, yerli məsələlərin həllində daha fəal iştirak edə bilərlər

Yerli özünü idarəetmə orqanı olan bələdiyyələr bütün dünyada yerli demokratiyanın göstəricisi hesab olunur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Fatma Yıldırım deyib ki, yerli özünü idarəetmənin demokratik dəyərlərə əsaslanması onun səmərəli xidmət göstərən idarəetmə qurumuna çevrilməsini zəruri edən ən mühüm amildir: “Azərbaycanda yerli özünüidarəetmə orqanlarının yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bələdiyyələrlə bağlı müddəalar öz əksini ilk dəfə 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tapır. 1999-cu ilin dekabrında isə ölkəmizdə ilk bələdiyyə seçkiləri keçirilib. Ölkəmizdə bələdiyyə institutunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb, bu sahədə mühüm qanunvericilik bazası formalaşdırılıb, bələdiyyələrin statusu, qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Təbii ki, ilk seçkilərdən sonra bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilikdə daim yeniliklər edilib. Ötən dövr ərzində bir çox bələdiyyə yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə toplayıb, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olub, onların cəmiyyətdə rolu artıb”.

Deputat qeyd edib ki, hazırda da fəaliyyətləri ilə uğur qazanan, sosial məsələlərin həllində fəal iştirak edən bələdiyyələrimiz var: “Məsələn, əhali sayı 2200 nəfər olan Bərdə rayonu Gərənə kənd və əhali sayı 3000 nəfərə yaxın olan Bərdə rayonu Yeni Daşkənd kəndlərində əhali bələdiyyələrin fəaliyyətlərindən çox razıdırlar. Lakin ölkəmizin sürətli inkişafı, ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar bələdiyyələrimizin də fəaliyyətinin bu inkişafa və islahatlara uyğun gücləndirilməsini, əhatə etdikləri ərazilərdə yaşayan vətəndaşların sosial sifariş və tələbatlarının tam ödənilməsini, onlara daha keyfiyyətli xidmətlərin göstərilməsini və ümumilikdə, vətəndaşlara daha da yaxın olmasını zəruri edir. Lakin xüsusilə kiçik bələdiyyələrin insanlara lazımi xidmətlər üçün geniş imkanları yoxdur. Bələdiyyələrin işi yalnız vergi toplamaqdan ibarət olmamalıdır. Onlar səlahiyyətlərindən düzgün istifadə etməli, vətəndaşlara yüksək xidmət nümunəsi ortaya qoymalıdırlar. Müəyyən səbəblərdən kiçik bələdiyyələr bu işin öhdəsindən gələ bilmirlər. Amma elə böyük bələdiyyələrimiz var ki, fəaliyyətləri məmnunluq doğurur. Bələdiyyələr yerlərdə müəyyən xidmət sahələri yaratmalı, torpaqdan başqa digər mülkiyyətə və əmlaka sahib olmalıdırlar. Qanunvericilik də buna imkan verir. Belə olarsa, onların gəlirləri də xeyli artacaq, yeni iş yerləri yaranacaq, insanlar işlə təmin olunacaqlar. Bələdiyyələr təkcə topladığı vergi və dövlətin verdiyi dotasiya ilə özünü saxlamamalıdır. Məhz bu və digər səbəblərdən bələdiyyələrin birləşdirilməsi olduqca zəruridir. Bələdiyyələr birləşdirilərsə, yerli məsələlərin həllində, o cümlədən, yerli avtomobil yollarının təmirində və yenidən qurulmasında, abadlıq-quruculuq işlərində daha fəal iştirak edə bilərlər. Bununla yanaşı, bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid olan layihələr çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yarada, öz xidmət sahələrini, bələdiyyə müəssisələrini, təsərrüfat subyektlərini təşkil edə, şəxsi fəaliyyəti ilə region iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər. Bütün bunlara isə bələdiyyələrin birləşdirilməsi yolu ilə nail olmaq mümkündür. Biz beynəlxalq təcrübədə də, bələdiyyələrin birləşdirilməsinin əhəmiyyətini və aparıcı ölkələrin həyatında artan rolunu görürük. Biz qardaş Türkiyənin təcrübəsində bələdiyyələrin cəmiyyətdəki nüfuz və çəkisinin şahidiyik”.