Üçüncü dəfə küllərindən doğan Malıbəyli: - NURŞƏN QULİYEV 32 İL SONRA QOVUŞDUĞU KƏNDİNDƏN YAZIR

Üçüncü dəfə küllərindən doğan Malıbəyli: - NURŞƏN QULİYEV 32 İL SONRA QOVUŞDUĞU KƏNDİNDƏN YAZIR

Şəhid Xocalını keçib Xankəndiyə çatırsan. Şəhərə girməyib sola döndünmü, alt yola girirsən. Şuşaya aparan yolla bir az da gedəndən sonra sola dönüb, körpünü keçirsən - Qarqarçayın üstündəki Malıbəyli körpüsünü...

Qarqar zəif axır...

O vaxtlar körpünün başında Şuşaya, Xankəndiyə, Ağdama avtobus gözləyənlər Qarqarın şırıltısını aydın eşidərdi, indi o qədər həzin axır ki, səsi belə gəlmir. Ümumiyyətlə, buralarda da bütün çayların, bulaqların suyu kəskin azalıb. İqlim dəyişikliyi burda da özünü göstərir. Bəlkə də sular erməninin üzünə quruyub, nə bilmək olar...


Bir az irəlidə “Üçbulaq”dan su içməmiş kəndə getmək düzgün olmaz. Bulaq yerindədir, heç dəyişməyib, suyu da gəlir.

***

Üzü yuxarı irəliləyib, nəhayət ki, kəndə çatırıq - 32 ildən sonra...

32 il insan ömrü üçün az deyil. “Bir igidin ömrü”, - adətən belə deyirlər. Deməli, Malıbəyliyə qayıdış bir igidin ömründən sonra mümkün olacaqmış.

“Ala qapı”dan keçib, kəndin mərkəzinə irəliləyirik.

Qarşıdakı silsilə qayalığın sinəsi boyu köhnə kəndimizin yeri mənzərə kimi göz önündə açılır. Mən oranı amfiteatra bənzədirəm. Ona görə kəndimizin yeri deyirəm ki, kənd özü yoxdur. Ermənilər işğal müddətində yer üzündən siliblər.

Qarabağın məşhur Malıbəyli kəndi. Lap çoxdan şöhrət tapıb. 19-cu əsrin sonunda, 20-ci əsrin əvvəllərində isə “Bala Tiflis” də deyərmişlər adına, inkişafına, ticarət əlaqələrinə, məktəblərinə, ziyalılarına görə.


İndi yoxdur. Köhnə kəndi - “Yuxarı məhəlləni”, “Aşağı məhəlləni”, “Yeni məhəlləni” ermənilər tamam dağıdıblar.

Mənim doğulduğum, ilk addımlarımı atdığım, dil açıb danışdığım ev də yoxdur, bir nişanəsi belə qalmayıb.

***

Birinci sinfə getdiyim, “Əlifba”nı öyrənməyə başladığım, oxuduğum məktəbi də dağıdıb ermənilər. Malıbəyli məktəbi müəllimləri, ziyalıları, elm adamları ilə təkcə Qarabağda, təkcə Azərbaycanda deyil, külli-Qafqazda məşhur olub. Ermənilər daşını daş üstə qoymayıblar.


Kəndimizin zəngin kitabxanası, kinozalı, oyun zalları olan Mədəniyyət evi - klub binası da heç elə bil yoxuymuş. Söküb, dağıdıb, yerində bostan əkiblər. Bura, həqiqətən, mədəniyyət ocağı idi. Çox zəngin kitabxanası vardı, hansı kitabı istəsən, burada tapa bilərdin. Hərfləri öyrənməyə başladığım vaxtdan kitabxanaya üzv olmuşdum, kitablara sevgim burada yaranmışdı.

Klubda kinolara baxardıq, stolüstü tennis, bilyard, başqa oyunlar oynayardıq, “KVN” yarışları, səhnəciklər göstərərdik...

***

Kəndimizin məscidi klubun düz yanındadır.




Qırmızı imperiya buranı kolxozun taxıl anbarına çevirmişdi. Azərbaycan müstəqil olanda, camaat inancına sahib çıxdı, məscidi təmizlədi, içinə xalça-palaz döşədi ibadət üçün. Amma ermənilər imkan vermədi.


Malıbəyli məscidi də işğal zamanı erməni vandalizminin qurbanı oldu. Quruca divarları qalıb. İndi bərpa olunur.

***



Heç elə şey olarmı ki, ermənilər azərbaycanlıların şəhərini, kəndini işğal eləsin, onun mədəni, tarixi, dini abidələrini, xüsusən də, qəbiristanlığını məhv eləməsin. İşğaldan azad edilmiş ərazilərimizin hamısında ermənilərin bu vəhşiliyini görmüşük. Malıbəyli qəbiristanlığı da istisna deyil. Ulularımızın, yaxınlarımızın, əzizlərimizin məzarlığının izi-tozu qalmayıb. Ermənilər qəbiristanlığı qazıblar, dağıdıblar, sinə daşlarını, baş daşlarını oğurlayıblar, yerində nələrsə tikiblər, bir hissəsini “maşın qəbiristanlığı”na çeviriblər, bir hissəsində it, bir hissəsində donuz saxlayıblar.

Qəbiristanlığın kəndə tərəf yuxarı hissəsində bir-iki qəbrin yerini tapmaq mümkün olub. Təsadüfən nənəmin qəbrinin yerini də tapa bildik. Torpağın altında qalmış başdaşını qazıb çıxardıq. Məzarın üstündəki günbəz isə tamam dağıdılıb.

***



Çinar ağacı... Çinar bulağı... Bura kənd camaatının müqəddəs bildiyi yerdir. Qoşa Çinarlar indi bir-birindən ayrılıb, ortasında böyük yarıq əmələ gəlib. Bilmirəm, bu ayrılığın bizim onlarla 32 illik ayrılığımıza nə qədər aidiyyəti var, amma küsülülər kimi hərəsi bir tərəfə baxır...



İkisi bir gövdədən haçalanmışdı. Yarılmış gövdədə yanıq izləri var. Ermənilər yandırıb yəqin. Elə bil ağacdan da qisas alırmışlar. Uşaq yaddaşımda qoşa Çinarlar hündür, enli gövdəli qalmışdı. Yağış yağanda islanmamaq üçün koğuşuna girib daldalanardıq. İndi sanki nazilmiş, boyu balacalaşmış gəldi mənə - elə bil əvvəlki kimi qollu-budaqlı, möhtəşəm deyil...


Kəndin üstündəki silsilə qayaları, nəhəng daşları da sanki qocalmış gördüm. Qoca kişilərimizin üzü, əlləri kimi qırışmış... Bəlkə mənə elə gəldi, bəlkə elə əvvəldən beləymişlər. Niyə mən o cür gördüm onları, bilmirəm...

Çinarın suyu isə axır, qurumayıb. Bizdən incimiş, küsmüş, büzüşmüş, balacalaşmış Çinarı da qurumağa qoymayıb.

***

Malıbəylinin rəmzi sayılır Novlu bulaq. İndi tək bir gözündən su gəlir, o biri gözləri tutulub. Deyilənə görə, bulağı Xan qızı Natəvan saxsı borularla dağdan çəkdirib.


Ermənilər işğal vaxtı bulağın üstündəki kitabələri oğurlayıb, yerinə xaç quraşdırılmış daşlar qoyub. Böyüklərimiz deyirdi ki, həmin kitabələrin üzərində əski əlifba ilə bulağın kim tərəfindən, nə vaxt tikildiyi qeyd olunub. Ermənilər tarixin izini itirmək və hər zaman olduğu kimi, özlərinin uydurma tarixini “yaratmaq” üçün kitabələri söküb, yerinə qondarma xaçkar yerləşdiriblər. İgid əsgərlərimiz kəndi işğaldan azad edəndən sonra isə həmin xaçkarlar çıxarılıb, cəhənnəmə göndərilib, gorbagor olub.

***

Kəndimizin stadionuna da baş çəkdik. Futbol oynamaqdan yorulmadığımız, saatlarla top qovaladığımız, evdən dalımızca gəlməyənə qədər ayrılıb getmədiyimiz yerə. Erməni işğalı vaxtı istifadə olunmayıb, ot, kol-kos basıb. Bir azdan yəqin top oynayan uşaqların səsi gələcək burdan.

Kəndimizin gözəl ənənələri vardı. Bunlardan ən mühümü isə oxumaq bəhsi idi. Demək olar ki, hər kəs oxumağa, fərqlənməyə, yaxşı qiymətlər almağa çalışardı. Bunu həm Şuşada, həm Xankəndidə, həm də digər kəndlərdə hamı bilirdi. Hamı bilirdi ki, malıbəylililər təhsilə, elmə, biliyə böyük üstünlük verir. Hə, bir də idmana. Tam sağlam həyat.

***

Bu kənd sanki Xankəndinin qarşısında göz dağı idi ermənilərə. Nifrət edirdilər bu kəndə, bu kəndin adamlarına. Düzü, bizim də onlardan ötrü ürəyimiz getmirdi. Sovet çətiri altında nə qədər dostluq bayatıları qoşulsa da, nə qədər gizlədilməyə çalışılsa da, ağsaqqal, ağbirçəklərdən eşitmişdik ki, ermənilər kəndimizi iki dəfə talan edib yandırıb, sakinləri qətlə yetirmişdilər - 1905-də və 1918-də. Ermənilərin öldürdüyü kənd sakinlərindən bəzilərinin, eləcə də türk əsgərlərinin məzarının yeri də bəlli idi kənddə. “Şehidlik” deyirdilər yerinə.

Bəlkə o yaddaşın buraxdığı iz idi ki, Xankəndinin bir addımlığında yerləşsə də, ətrafı erməni kəndləri olsa da, Malıbəylidə bir erməni belə yaşamamışdı, camaat onları içinə buraxmamışdı.

***



1992-ci ildə erməni-rus birliyi kəndimizi işğal elədi. Dörd tərəfdən erməni yaşayış məntəqələrinin mühasirəsində olan, azərbaycanlıların yaşadığı şəhərlərlə, kəndlərlə əlaqəsi tamam kəsilmiş Malıbəyli və Quşçular kəndlərinin camaatını kütləvi şəkildə məhv etməyi planlaşdırmışdılar, bacarmadılar.



Xocalı soyqırımı ondan əvvəl Malıbəyli və Quşçularda törədilməli idi, alınmadı, bu kəndlərin adamları bu planı pozdular - ağılları, strateji düşüncələri, qəhrəmanlıqları, şücaətləri ilə. Sona qədər döyüşdülər, şəhid oldular, yaralandılar, 366-cı alayın tankları, texnikası qarşısında aylarla, illərlə tüfənglə, avtomatla axıra qədər müqavimət göstərdilər. 1992-ci il fevralın 8-də isə dörd tərəfdən hücum başladı.



3 gün ərzində ağır texnikalarla dayanmadan edilən hücumların qarşısının alınmasının qeyri-mümkün olduğunu görəndə isə kəndləri boşaltmağa məcbur oldular. Kəndlər işğal olundu, ancaq insanlar az itki ilə xilas edildi, qadın-qız əsir verilmədi...

Həmin gün şəhid olan döyüşçüləri dəfn etmək, meyitlərini götürmək mümkün olmamışdı. Onların məzar yeri hələ də bəlli deyil. Ona görə də şəhid düşdükləri yer elə məzarları kimi qəbul olunur, ziyarət edilir. Həmin yerdə Azərbaycan bayrağı ucalır.

Azərbaycan bayrağı 20 Yanvar şəhidlərinə qoyulmuş abidənin də üzərində dalğalanır. 1990-cı ilin 20 yanvarında Bakıda törədilmiş qırğının qurbanlarının xatirəsinə Malıbəyli camaatı öz hesablarına abidə ucaltmışdı. Ermənilər işğal zamanı abidəni aşırmışdı. Kənd işğaldan azad olunandan sonra isə həmin abidə kol-kosun, torpağın içindən tapılıb, təmizlənib, 34 il əvvəl ucaldıldığı yerdə yenidən qoyulub, yanında da Malıbəyli şəhidlərinin fotoları asılıb...

***

32 il sonra doğma kəndinə qayıtmaq, işğal altında qalmış el-obanda olmaq ağlasığmaz hissdir. Elə hiss ki sözlə ifadə eləmək olmur. Sevinc, kədər, qürur, qisas, təəssüf, xatirələr... Hamısı bir-birinə qarışıb.

Burda hər şey tanışdır - torpaq, ağaclar, dağlar, dərələr, meşələr, çaylar, bulaqlar, buludlar belə... Sanki hər birinin sənə sözü, gileyi var. Hər addımda öz ayaq izlərinə rast gəlirsən - 32 il əvvəl bu döngədən keçmisən, bu dikdə dayanmısan, bu yolla qaçmısan... Hər addımda 32 il əvvəlki özünü görürsən - onunla üzbəüz dayanıb, söhbətləşirsən, xatirələrini bölüşürsən.

İnsan həyatı qısadır. Gözünü açıb-yumursan, ömür bitir. Bir də bu qısa ömrün erməni vəhşilərinin işğalları, qırğınları, düşmənlə mübarizə ilə keçə. O baxımdan Malıbəyli və Quşçular camaatının çəkdiklərini sözlə ifadə etmək çox çətindir. Yaşamayan bilməz! Hər gün ölüb-dirilməyən, gündüzünü, gecəsini erməni-rus birləşmələrinin texnikasından, silahından atılan mərmilərin, güllələrin altında keçirməyən, ölüm qorxusu ilə hamamlara, zirzəmilərə, tövlələrə sığınmayan, özü səngərdə düşmənlə döyüşüb, son gülləsini əsir düşməməsi üçün anasına, arvadına, qızına saxlamaq barədə düşünməyən, qışın-fevralın ortasında on kilometrlərlə qarlı dağ yolunu erməni kəndlərini, erməni postlarını döyüşə-döyüşə aşıb, Ağdamın Abdal Gülablı kəndinə gəlməyən bilməz...

***

Ermənilərin ömründən oğurladığı illərinə görə nə qədər heyfsilənsən də, yurdundan ayrı düşdüyün zamanı qaytarmaq heç cür mümkün olmasa da, təsəllin böyükdür, ölçüyəgəlməzdir. Bu gün Malıbəyli də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş digər kəndlərimiz, şəhərlərimiz kimi yenidən qurulur, tikilir, bərpa olunur. Sevindirici bir məqam da odur ki, Malıbəylini yenidən quranlar arasında kəndin öz sakinləri də var.

***

Keçmiş keçmişdə qaldı, gələcəyə baxmaq, irəli addımlamaq lazımdır. Ancaq keçmişdə ermənilərin bizə etdiklərini unutmamaq, düşmənin 1905, 1918 və 1992-ci illərdə Malıbəyli və digər yurdlarımıza yaşatdıqlarını nəsildən-nəslə ötürmək şərti ilə...