Azərbaycanda qadın sahibkarların fəaliyyətində yeni texnologiyaların tətbiqi sürətlənəcək

Azərbaycanda qadın sahibkarların fəaliyyətində yeni texnologiyaların tətbiqi sürətlənəcək

Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində qadın sahibkarlar da daxil olmaqla, bütün sahibkarlar biznes fəaliyyətlərində yeni texnologiyalar və rəqəmsallaşdırmanın tətbiqini sürətləndirəcəklər.

"Report" xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda keçirilən tədbirdə deyib.

O.Məmmədovun sözlərinə görə, ötən müddət ərzində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 13 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 20 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən "Startap" şəhadətnaməsi verib.

O bildirib ki, qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən "Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 150-yə yaxın qadın yararlanıb.

"Biz bu və ya digər dəstək tədbirlərinin bütün iqtisadi rayonları əhatə etməsində maraqlı olmaqla yanaşı, ölkədə qadın sahibkarlığın inkişafı üçün müvafiq dəstəyin göstərilməsinə hər zaman hazırıq.

Ölkədə qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışında dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcəkdir", - O.Məmmədov qeyd edib.

O.Məmmədov vurğulayıb ki, Azərbaycanda işgüzar qadınların sayı artmaqdadır: "Qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək qiymətləndiririk və mandatımız çərçivəsində onları hər zaman dəstəkləyəcəyik.