"Qarabağ"ın futbolçusu: "Bayer 04" Avropanın ən güclü komandalarından biridir

"Qarabağ"ın futbolçusu: "Bayer 04" Avropanın ən güclü komandalarından biridir

"Bayer 04" Avropanın ən güclü komandalarından biridir. Daha çox güc sərf etməliyik.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Müdafiəçi sabahkı matçda baxımlı futbol üçün əllərindən gələni edəcəklərini bildirib.

Təcrübəli oyunçu Portuqaliya təmsilçisi "Braqa" ilə əvvəlki raunddakı qarşılaşmanı xatırlayıb: "Sonuncu qoldakı ötürmə bir anda verilən qərar idi. Nəriman Axundzadənin boş olduğunu gördüm. Şükürlər olsun ki, hakim matçı dayandırmadı. Bu, komandamızın qələbəsidir".

Hüseynov kollektivdə ab-havanın yaxşı olduğunu vurğulayıb: "Klub üçün çəkilən film mənim xoşuma gəldi. Hər kəs "Qarabağ"ın mahiyyətini görməlidir. Bu, oyunçulara yaxşı motivasiya verdi".

Bədavi Hüseynov Julio Romao və Elvin Cəfərquliyevin cəzalı olmasına da toxunub: "Komandamızın futbolçularının keyfiyyəti yüksəkdir. Onları yaxşı əvəz edəcəklər və bacarıqlarını göstərməyə çalışacaqlar".

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.