Azərbaycanda qadın sahibkarların daha çox üzləşdiyi çətinliklər açıqlanıb

Azərbaycanda qadın sahibkarların daha çox üzləşdiyi çətinliklər açıqlanıb

Azərbaycanda qeydiyyata alınmış fərdi sahibkarların təqribən 22 %-i qadınlardır.

"Birxeber.Az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, həmin sahibkarlar arasında kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəaliyyət göstərənlər üstünlük təşkil edir: "Bununla yanaşı, hüquqi şəxslərin və müəssisələrin təsisçiləri və idarəediciləri sırasında kifayət qədər qadınlar təmsil olunur. İqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Müxtəlif dövlət proqramlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir".

O. Məmmədovun sözlərinə görə, araşdırmaların və sorğuların təhlili göstərir ki, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çətinliklərdəndir: "Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir".