Azərbaycanın daha bir boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb.

“Report” xəbər verir ki, 71 kq çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan Əliyev 1/32 final döyüşünü qələbə ilə başa vurub.

Dünya çempionatının mükafatçısı mərakeşli Elabidine Amrouq Zineni məğlub edib. Əliyev qələbəsini iki raundun yekununa əsasən rəsmiləşdirib. Buna rəqibin qaşından zədə alması səbəb olub.

Boksçumuz 1/16 finalda litvalı Aleksandr Trofimçukla üz-üzə gələcək. Görüş martın 7-də baş tutacaq.

Sərxan Əliyevə qədər Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıblar.

Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.