Amerikalı politoloq: Bəzi Qərb dairələri Cənubi Qafqaza nəzarət üçün erməni revanşizmini dəstəkləyə bilər

Amerikalı politoloq: Bəzi Qərb dairələri Cənubi Qafqaza nəzarət üçün erməni revanşizmini dəstəkləyə bilər

Bəzi Qərb dairələri Cənubi Qafqazı parçalamaq və idarə etmək üçün bir vasitə kimi erməni revanşizmini dəstəkləyə bilər.

Bu barədə “Report”a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endru Korıbko (Andrew Korybko) deyib.

O, bu cəhdin uğursuz olacağını, amma müəyyən qədər sabitliyi poza və lazımsız ölümlərə səbəb ola biləcəyini də vurğulayıb. Ekspert hesab edir ki, bu qaranlıq ssenarinin qarşısını almaq üçün ən yaxşı yollardan biri Rusiya, Azərbaycan və Türkiyənin hərbi-strateji məsələlərdə daha yaxından əməkdaşlıq etməsidir:

“Bundan əlavə, bu, Azərbaycan və Türkiyənin BRİKS-ə üzvlüyü araşdırmasına və ya heç olmasa Rusiya və İranın artıq iştirak etdiyi birliklə tərəfdaşlıq əlaqələrini rəsmiləşdirməyə, onlar arasında etimadın daha da güclənməsinə kömək edəcək”.

E.Korıbko bildirib ki, məhz Azərbaycan ötən ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı ilə suverenliyini tam bərpa etdikdən sonra Rusiya-Ermənistan münasibətləri Nikol Paşinyanın düşmənçilik ritorikası ilə gərginləşib:

“Çünki Paşinyan Rusiyanı ölkəsinin hərbi fiaskosunda günahlandırır. Bu bəhanə qısa müddət sonra Ermənistanın Qərbə tədricən qucaq açmasını sürətləndirmək üçün istifadə edildi. Paşinyanın ölkəsinin KTMT-də üzvlüyünü dondurmaq ilə bağlı son açıqlamaları onun əvvəl-axır blokdan çıxacağı mənasını daşıyır, ancaq bu, NATO-dan bir növ təhlükəsizlik təminatlarını almadan baş verməyəcək. Ermənistan patoloji olaraq qorxur ki, KTMT-ni zəmanətsiz tərk etmək Azərbaycanı və ya Türkiyəni, onların qətiyyən belə niyyəti olmasa da, ona hücuma sövq edə bilər”.

Politoloq onu da qeyd edib ki, öz növbəsində, Rusiya da Ermənistanı tamamilə özündən kənarlaşdırmaq istəmir, çünki bu, onun ən köhnə postsovet inteqrasiya layihələrindən birinə mənfi təsir göstərəcək:

“Bunun əvəzinə ümid edilir ki, Paşinyan ya ölkəsinin NATO tərəfdarı mövqeyini yenidən gözdən keçirməyə razı salınacaq, ya da bu siyasətdən imtina ediləcək. Kreml proseslərə göstərəcəyi reaksiyanın ermənilər tərəfindən necə şərh olunacağına həssas yanaşır və onların anti-Rusiya əhval-ruhiyyəsini daha da gücləndirmək istəmir”.