KOBİA BMT-nin Qlobal Sazişinə qoşulub

KOBİA BMT-nin Qlobal Sazişinə qoşulub

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub.

"Birxeber.Az" bu barədə KOBİA-ya istinadən xəbər verir.

Məlumata görə, qurum BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq prinsiplərinə uyğunlaşdırmaqda, KOB-ların inkişafına və yeni sahibkarlıq subyketlərinin yaradılmasına dəstək olmaqla qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini verməkdə davam edəcək. Həmçinin, Agentlik 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit məsələlərinə, “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artıracaq.

BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.