İdman gimnastikası üzrə Azərbaycan millisinin Dünya Kuboku öncəsi açıq məşqi keçirilib

İdman gimnastikası üzrə Azərbaycan millisinin Dünya Kuboku öncəsi açıq məşqi keçirilib

İdman gimnastikası üzrə Azərbaycan millisinin Bakıda təşkil olunacaq Dünya Kuboku öncəsi açıq məşqi keçirilib.

"Birxeber.Az" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan hazırlıq prosesi bir saat davam edib.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışda rekord sayda ölkənin (67) idmançılarının iştirakı gözlənilir.

Dünya Kubokunda Azərbaycanı kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, parallel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, parallel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər), qadınlar arasında isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Yarışın yekununda ən yüksək icra xalını toplayan gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Qeyd edək ki, Dünya Kuboku martın 7-10-da Milli Gimnastika Arenasında keçiriləcək.