“Super çərşənbə axşamı”: ABŞ-da prezident seçkilərində həlledici gün başlayıb - REPORTAJ

“Super çərşənbə axşamı”: ABŞ-da prezident seçkilərində həlledici gün başlayıb -  REPORTAJ

ABŞ-nin 16 ştatında və Amerikan Samoasında “super çərşənbə axşamı” prezidentlik yarışlarına start verilib. Bu il martin 5-ə təyin edilmiş seçkilərdə həm respublikaçı, həm də demokrat namizədlər öz partiyalarından olan nümayəndələrin üçdə biri uğrunda yarışırlar.

APA-nın ABŞ-a ezam edilmiş müxbiri Şimali Karolina ştatının Ueyk (Wace) regionunda keçirilən seçkiləri müşahidə edir. Burada da əksər ştatlarda olduğu kimi, qeydiyyatda olan seçicilər praymrizlərlə yanaşı yerli özünüidarəetmə orqanlarına, məhkəmələrə, Şimali Karolina senatına və ştatın digər məsul vəzifələrinə laiq gördükləri namizədləri müəyyənləşdirirlər.
ABŞ-da seçkilərin Azərbaycanla əsas fərqlərindən biri burada təşviqat kampaniyasının seçki günü də davam etdirilməsinə icazə verilməsidir. Belə ki, namizədlərin özləri və ya onları dəstəkləyən aktivistlər seçki məntəqəsinin müəyyən edilmiş sərhədində dayanaraq seçicilərə özlərini təqdim edir və dəstək göstərmələrini istəyirlər.
Raley Ueyk Vətəndaşlar Assosiasiyasının nümayəndəsi Ren Pridgeon seçkilərə marağın azalmasından, xüsusilə də gənclərin laqeydliyindən şikayətlənir.
“Əvvəllər insanlar səs vermək üçün seçki məntəqəsinin qapısından küçəyədək növbədə gözləyirdilər. Düşünürəm ki, bu ona görə idi ki, insanlar öz əcdadlarının bizə bu hüququn verilməsi üçün nələrdən keçdiyinin anlayırdılar. Çox uzun müddət bir çox insanlar səs verə bilmirdi. İndi isə hamı səs vermək hüququna malikdir. İndi səs vermək hər zamankından daha vacibdir, lakin bəzi insanlar bunu anlamırlar”, - Ren Pridgeon deyir.


Ren Pridgeon: “Əvvəllər insanlar səs vermək üçün seçki məntəqəsinin qapısından küçəyədək növbədə gözləyirdilər”

Səsvermənin ilk saatlarında məntəqəyə gələnlərdən biri də Enn adlı ABŞ vətəndaşıdır. O, namizədlərin heç birini bəyənmədiyini, lakin seçim etmək məcburiyyəti qarşısında qaldığı zaman Baydeni dəstəklədiyini deyir.

“Mən seçimlərin heç birini bəyənmirəm, onlar düşünürəm ki, çox qocadırlar. Onların heç birinin ölkənin ehtiyac duyduğu imkanlara malik olmadığını düşünürəm. Lakin seçim məcburiyyətində qaldığım zaman Baydeni seçərdim. Tramp uyğun namizəd olmadığını artıq sübut edib, ölkəmiz çox qütbləşib və düşünürəm ki, Bayden ən azından insanları bir araya gətirməkdə yaxşı iş görüb”



Enn: “Namizədlərin hər ikisi qocadır”

Ümumiyyətlə “super çərşənbə axşamı” praymrizlərinin nətcələrindən sürpriz gözlənilmir. Əksər ştatlarda olduğu kimi, Şimali Karolina da ABŞ-nin hazırkı Prezidenti Co Bayden Demokratlar partiyası daxilində hər hansı rəqabətlə üzləşmir və bülletendə yalnız onun adı var. Respublikaçılar partiyasından namizəd sabiq prezident Donald Tramp da əsas rəqibi, vaxtilə BMT-yə səfir təyin etdiyi və artıq paytaxt Vaşinqtonda qalib gəlmiş Nikki Heleydən əhəmiyyətli dərəcədə irəlidədir.
Martın 5-nin “super çərşənbə axşamı” adlandırılmasının səbəbi bu gündə praymriz və kakusların keçirildiyi hər hansı digər günlə müqayisədə daha çox nümayəndə uğrunda yarışılmasıdır. Belə ki, bu günkü seçki yarışına ümumilikdə 2 429 respublikaçı nümayəndədən 865-i ayırılacaq. 4 cinayət işi üzrə 91 ittihamla üzləşən Donald Tramp respublikaçıların vahid namizədi ola bilməsi üçün 1 215 nümayəndə qazanmalıdır. O, “super çərşənbə axşamı” seçkilərində kifayət qədər nümayəndə qazanacağı təqdirdə respublikaçıların yayda keçiriləcək konqresində partiyanın vahid namizədi seçilmək şansını kəskin artıracaq. Donald Tramp artıq 276 nümayəndə, Niki Heley isə 43 nümayəndə qazanıb.
Demokratlar isə bu günkü seçkilərə 3 936 nümayəndədən 1 420-ni ayıracaq. Co Baydenin demokratların vahid namizədi ola bilməsi üçün 1 968 nümayəndəyə ehtiyacı var və o, artıq 206 nümayəndə toplaya bilib.
Seçkilərin nəticələri eyni zamanda Niki Helleyin kampaniyasını dayandırması ilə nəticələnə bilər. O, artıq üzləşdiyi məğlubiyyətlər səbəbilə bəzi iri donorlarından məhrum olub. Ötən həftə Miçiqanda respublikaçıların səslərinin 27%-ni qazanmış Heley bildirib ki, Tramp ardıcıl qələbələr qazansa da partiyası daxilində onu istəməyən əhəmiyyətli sayda respublikaçı var. Lakin Tramp Miçiqandakı qələbəsinin gözlədiyindən daha böyük olduğunu qeyd edib. O, Cənubi Karolinada da 60%-lik qələbəsindən sonra “respublikaçılar heç vaxt bu qədər birləşmədiyini” deyib.



Respublikaçılarla müqayisədə nisbətən stabil görünən demokratlar partiyası daxilində də güclü fikir ayrılıqları özünü göstərr. Bu, xüsusilə də Bayden administrasiyasının İsrail və Fələstində müharibəsyə dair siyasəti ilə əlaqədar partiya daxilində təzyiqlərə məruz qalır.
Qeyd edək ki, “super çərşənbə axşamı” Demokratlar və Respublikaçılar partiyalarının yekun prezidentlik namizədinin müəyyənləşdirilməsi baxımından son mərhələ deyil. Hər iki partiya noyabrda baş tutacaq prezident seçkiləri üçün öz vahid namizədini bu ilin yayında keçiriləcək konqresdə təsdiqləyəcək.