COP Büro üzvü: İqlim dəyişikliyi 140 milyondan çox insanın məcburi miqrasiyasına səbəb ola bilər

COP Büro üzvü: İqlim dəyişikliyi 140 milyondan çox insanın məcburi miqrasiyasına səbəb ola bilər

Avropa Təhlükəsizlik İnstitutunun araşdırmasına görə, 2019-cu ildə təbii fəlakətlər nəticəsində 24 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Bunu "Report"a açıqlamasında İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Büro üzvü Andrey Bojiç (Andrej Bojic) bildirib.

O qeyd edib ki, ekstremal iqlim hadisələrinin təsirlərini yumşaltmaq üçün davamlı tədbirlər görülməsə, bu cür hadisələr gələcəkdə tez-tez və daha dağıdıcı olacaq: “Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər Saharadan cənub-şərqi Afrika, Cənubi Asiya və Latın Amerikasında 140 milyondan çox insan iqlim dəyişikliyi səbəbindən evlərini tərk edə bilər”.

A.Bojiçin sözlərinə görə, bu regionlarda iqlim dəyişikliyi əhali arasında resurslar uğrunda rəqabət, əkin sahələri ilə bağlı problemlər, hava fəlakətləri, ərzaq qiymətlərində əhəmiyyətli dəyişikliklər, dəniz səviyyəsinin qalxması, sahilyanı regionların məhv edilməsi və s. kimi nəticələrə gətirib çıxara bilər: “İçməli su, sığınacaq problemlərindən yaranan yaşayış mühitinin itirilməsi problemi əhalinin kütləvi şəkildə köçməsinə səbəb olur”.

COP Büro üzvü bildirib ki, miqrasiya Avropadakı bütün siyasi kampaniyaların əsas mövzusuna çevrilib və miqrantlar məsələsi əsas təhlükəsizlik məsələlərindən biridir.

Onun sözlərinə görə, bu insanların əksəriyyəti öz evlərini tərk edə bilərlər: “Çünki iqlim dəyişikliyinin dağıdıcı təsirləri nəticəsində yoxsullaşan, tez-tez baş verən müharibələr səbəbindən müflisləşən ölkələr daha da yoxsuyllaşacaq, üstəlik həmin ökələrin bərpası ilə bağlı da ümidlər olmayacaq. Bu səbəbdən də onların bərpası üçün iqlim baxımından şərait artıq mövcud olmayacaq”.