Zabuxda ağacəkmə aksiyası keçirilib

Zabuxda ağacəkmə aksiyası keçirilib

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə birgə Laçın rayonunun yenidən tikilmiş Zabux kəndində yerli sakinlərin iştirakı ilə ağacəkmə aksiyası təşkil edib.

Bu barədə "Birxeber.Az"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aksiya işğalçı Ermənistanın ekoloji terrora məruz qoyduğu, regional ekoloji fəlakət zonasına çevirdiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin sağlamlaşdırılmasına, yaşıllıqların çoxaldılmasına, ətraf mühitin qorunmasına, təbiətə qayğının təbliğinə töhfə vermək məqsədi daşıyıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağda və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işləri ilə yanaşı, ərazinin flora və faunasının dirçəldilməsinə, təbii ehtiyatlarının mühafizəsinə və onlardan səmərəli istifadə edilməsinə də xüsusi diqqət yetirilir.

Zabux kəndində keçirilən aksiya zamanı sakinlərə məxsus həyətyanı sahələrdə, yol kənarları və istirahət məkanlarında 7000 ədəd meyvə və dekorativ ağac əkilib. Ağacəkmə aksiyasında ilk ting 1992-ci ildə Laçın rayonunun Hoçaz yüksəkliyi uğrunda döyüşdə şəhid olmuş Ədalət Məmmədovun oğlu Ziyadxan Məmmədovun həyətində əkilib.

Bildirilib ki, bu cür aksiyaların tez-tez təşkil olunacağı, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin Qarabağda və Şərqi Zəngəzurda bərpa edilən və yenidən salınan yaşayış məntəqələrində ekosidin nəticələrinin aradan qaldırılmasında iştirakına daim dəstək göstəriləcəyi diqqətə çatdırılıb. Aksiyada Milli Məclisin deputatı Mahir Abbaszadə və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin məsul əməkdaşları, kənd sakinləri iştirak ediblər.