Gəncədə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Gəncədə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Gəncədə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, o cümlədən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Gəncə İdman Liseyinin, şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin dəstəyi ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Heydər Əliyev adına Meydanda baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Əməkdar məşqçi, “Tərəqqi” medallı, “Şöhrət” ordenli Elçin Zeynalov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, idman ustaları, məşqçilər və şəhər ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələrinin hazırladığı nümunəvi çıxışları izləyiblər.
Tədbirin rəsmi hissəsində bildirilib ki, hər il mart ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün mart ayının 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində, o cümlədən Gəncə şəhərində müasir idman qurğuları tikilir, idman mərkəzləri uğurla fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.
Rəsmi hissədən sonra bir qrup idmançı bədən tərbiyəsi və idman sahəsində əldə etdikləri nailiyyətlərə görə “Fəxri fərman” və “Təşəkkünamə”lərlə təltif olunublar.
Tədbirin sonunda F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov və Vasif Bayramov çıxış ediblər.