Əmək qanunvericiliyini pozduğuna görə cəzalandırılan vəzifəli şəxslərin sayı məlum olub

Əmək qanunvericiliyini pozduğuna görə cəzalandırılan vəzifəli şəxslərin sayı məlum olub

Keçən il ərzində müxtəlif orqanlardan daxil olan materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 1 776 halda işəgötürənlərin əmək qanunvericiliyinin tələblərini pozduğu aşkarlanıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd olunub ki, törədilmiş inzibati xətaya görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 3,8 mln. manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub, 1,8 mln. manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hesabat dövründə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı xidmətə 13 fakt üzrə müraciət daxil olub.

Bu məlumatlar əsasında 12 vəzifəli şəxs barəsində iş üzrə icraata başlanılıb və müvafiq qərar qəbul edilərək icra üçün Ədliyyə Nazirliyinin aidiyyəti İcra və Probasiya şöbələrinə göndərilib. 8 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və həmin məcəllənin 18,5-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün təsdiqedici sənədlər məhkəmə orqanlarına göndərilib, 1 fakt üzrə icraat davam edir.

Ötən il Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı İşlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olmuş materiallar üzrə xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli, fiziki və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 20 işəgötürən barəsində 209,1 min manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 107 nəfər öz əvvəlki işinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib, işçilərin əmək hüquqlarının bərpası ilə əlaqədar 950 işəgötürənə icrası məcburi olan göstəriş verilib.

İstehsalatla əlaqəli sayılmış 465 bədbəxt hadisənin təhqiqatı aparılıb, 30-u qrup halında olan bu hadisələr nəticəsində 78 nəfər vəfat edib, 431 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 454 nəfər zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub. Aparılmış təhqiqatların nəticəsi olaraq işəgötürənlərə əməyin mühafizəsi tələblərinin təmin edilməsi ilə bağlı 1 822 göstəriş verilib.