Keçən il 758 cinayətkar qrup zərərsizləşdirilib

Keçən il 758 cinayətkar qrup zərərsizləşdirilib

2023-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyəti həyata keçirən bütün dövlət orqanları üzrə 36.8 min cinayət qeydə alınıb, onlardan 31.5 mininin açılması təmin edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd olunub ki, həmin cinayətlərin 94.5%-i(34.8 mini) daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub və onların 84.6%-ni böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edib.

Təqsirləndirilən şəxslərin tutulub məsuliyyətə cəlb olunması işi də təmin edilərək yerli və dövlətlərarası axtarışda olan 6.8 min nəfərin yeri müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə müxtəlif cinayətlər törətmiş 19.3 min, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 4.3 min şəxs saxlanılaraq məhkəmə məsuliyyətinə verilib, 1.9 min nəfərdən ibarət 758 cinayətkar qrup zərərsizləşdirilib.

Bundan əlavə, respublika ərazisində 2023-cü il ərzində qeydə alınmış 166 qəsdən adam öldürmə cinayətindən 135-i aşkar, 31-i qeyri-aşkar şəraitdə törədilib, qeyri-aşkar şəraitdə törədilən cinayət faktlarından 30-nun açılması təmin edilib.