Qubada idman paradı keçirilib

Qubada idman paradı keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Qubada idman paradı keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba Olimpiya İdman Kompleksində keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, Regional Gənclər və İdman İdarələrinin, Olimpiya İdman Komplekslərinin, Uşaq-Gənclər İdman Məktəblərinin və Gənclər Evlərinin rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İlk olaraq çıxış edən İlqar Mahmudov hər kəsi 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb: “Bu gün möhtəşəm tədbirə yığışmışıq. Quba 2024-cü ildə Azərbaycanın idman paytaxtı elan olunub. Bayram münasibəti ilə nazir Fərid Qayıbovu, onun komandasını təbrik edirəm. Hər il 5 mart Azərbaycanda cənab Prezident İlham Əliyevin sərəncamı ilə İdman Günü kimi qeyd olunur. Dövlət tərəfindən idmançılarımıza diqqət və qayğı göstərilir. Bunun nəticəsində də idmanımız günü-gündən inkişaf edir. Bu gün də Qubanın idman sahəsində nailiyyətləri göz önündədir. Onu da qeyd edim ki, 8 min qubalı gənc idmanla məşğul olur. İnanıram ki, üzərimizə düşən öhdəliyi tam məsuliyyətlə yerinə yetirəcəyik. Quba rayonunda il ərzində nəzərdə tutulan tədbirlərin keçirilməsində yüksək səviyyədə iştirak edəcəyik".

Daha sonra Fərid Qayıbov da parad iştirakçılarını 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edib: “Ölkəmizdə 19 ildir ki, bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edirik. Həmçinin Ulu Öndər Heydər Əliyevin dövründə də idmana böyük diqqət göstərilib. O zamanlardan olimpiya kompleksləri inşa edilərək, fəaliyyət göstərib. Bu gün Qubada parad keçiririk. Təşkilatçılara, xüsusilə də Quba Rayon İcra Hakimiyyətinə təşəkkür edirəm. İdmançılarımıza isə yeni-yeni uğurlar arzulayırıq”.

Rəsmi çıxışlardan sonra ilin “İdman səfirləri” ictimaiyyətə təqdim olunub. Daha sonra 13 regionda eyni anda təşkil olunan parad onlayn şəkildə ekranda göstərilib.

Ardınca Qubada təntənəli idman parad açıq elan edilib. Müxtəlif növlər üzrə federasiyalar, gənclər və idman idarələri və idmançılar paraddan keçiblər.

Tədbir konsert proqramı ilə davam etdirilib.