Dövlət Xidmətinin idarə rəisi: Regionda ilk dəfə kiberdiplomatiya üzrə beynəlxalq konfrans Azərbaycanda keçiriləcək - MÜSAHİBƏ

Dövlət Xidmətinin idarə rəisi: Regionda ilk dəfə kiberdiplomatiya üzrə beynəlxalq konfrans Azərbaycanda keçiriləcək - MÜSAHİBƏ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən ölkədə informasiya təhlükəsizliyi sahəsində bir sıra layihələr üzərində işlər aparılır. Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov kibertəhlükəsizlik sahəsində görülən işlər barədə “Birxeber.Az-Economics”ə müsahibə verib.

- XRİTDX tərəfindən informasiya təhlükəsizliyi sahəsində hansı addımlar atılır?

- Hazırda XRİTDX tərəfindən informasiya təhlükəsizliyi sahəsində bir sıra layihələr üzərində aktiv işlər gedir. Bunlardan biri Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyasının tədbirlər planının icrası ilə bağlıdır. Bu tədbirlər planında yer alan bəndlərin icrası, koordinasiyası, bununla yanaşı görüləcək işlərlə bağlı işçi qruplarının yaradılmasından konsultasiya prosesinə, eləcə də özəl sektorun strategiya ilə bağlı bir sıra bəndlərin icrası ilə bağlı əməkdaşlığa cəlb edilməsi ilə bağlı işlər görülür.

- Ötən il Azərbaycanda “Kritik İnfrastruktur Müdafiə Çağırışı 2023” adlı tədbir keçirildi. Cari illə bağlı plan nədir?

- Bu ilin aprel ayında Avropada spikerlərindən biri olacağım kiberdiplomatiya üzrə beynəlxalq konfrans baş tutacaq. Bu artıq Avropada baş tutacaq sayca üçüncü belə tədbir olacaq. Tədbirdə sentyabrda Azərbaycanda baş tutması planlaşdırılan beynəlxalq kiberdiplomatiya konfransının anonsunun da verilməsi nəzərdə tutulub. Qeyd edim ki, Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu və Xidmətimiz arasında imzalanan memorandum çərçivəsində aparılan əməkdaşlıq nəticəsində Kiber Diplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi və regional təmsilçiliyi ekskluziv olaraq Azərbaycana - Xidmətimizə verilib. Hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birlikdə sözügedən tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı texniki məsələlərin həlli üzərində işlərimizi davam etdiririk.

- Bu tədbirin Azərbaycan üçün töhfəsi nədən ibarət olacaq?

- “Kiber Diplomatiya” dünyada yeni yanaşma və trend olduğundan belə tədbirin region olaraq ilk dəfə Azərbaycanda keçirilməsi və ölkəmizi regional mərkəzə çevirməsi strateji əhəmiyyətə malikdir. Diplomatik nümayəndələrin, eləcə də artıq bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kiber səfirlərin, o cümlədən sahə üzrə qlobal aktorların Azərbaycanda diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə üçün toplanması ölkəmiz üçün faydalı olacaq.

- Kiberdiplomatiyanın yaradılmasını zəruri edən əsas faktorlar hansılardır?

- Kibertəhdidlər bir ölkəni deyil, eyni zamanda bir ölkəyə hücum etməklə digər ölkələri təhdid altında qoya bilər. Buna enerji sektoruna olan kibertəhdidləri nümunə kimi göstərmək olar. Nümunə olaraq Azərbaycanın kritik infrastrukturlarına ola biləcək hər hansı kibertəhdid, eyni zamanda, enerji təchizatçısı kimi digər ölkələrə qarşı da təhdid hesab oluna bilər. Bu kontekstdə kritik infastrukturlara olan kibertəhdidlərin, o cümlədən yeni texnoloji innovasiyaların birgə qiymətləndirilməsi, "deepfake", suni intellekt kimi yeniliklərin etik çərçivələrdən kənar istifadə edilməməsi üzrə vahid platformanın yaradılması və müzakirələrin aparılması çox əhəmiyyətlidir. Beləliklə diplomatik sahədə öncəki dövrlərdə siyasi-iqtisadi yöndə aparılan müzakirələrin artıq günümüzdə əsas müzakirə mövzularından biri texnologiya və kibertəthdilər olmağa başlayır ki, bu da yeni bir istiqamətin kiberdiplomatiyanın yaradılmasını zəruri edir. Texnoloji yeniliklərin qlobal şirkətlər tərəfindən qeyri-bərabər şərtlər daxilində dünyaya yayılması və təsir mexanizminə çevrilməsi informasiya təhlükəsizliyi, fərdi məlumatların qorunması, texnologiyanın fərdlərə, insanlığa və cəmiyyətə təsiri baxımından da qiymətləndirilməlidir.

- Koordinasiya və qiymətləndirmə işlərinin səmərəli həyata keçirilməsi və qurumlararası məlumatlılığın təmin edilməsi üçün xüsusi platforma hazırlanır. Bu platformanın əsas missiyası nə olacaq?

- Hazırda Koordinasiya Komissiyasının sədri cənab general-leytenant İlqar Musayevin tapşırığı ilə strategiya ilə bağlı koordinasiya və qiymətləndirmə işlərinin səmərəli həyata keçirilməsi və qurumlararası məlumatlılığın təmin edilməsi üçün tərəfimizdən xüsusi platforma hazırlanır. Bu platforma strategiyanın tədbirlər planında yer almış tapşırıqların icrasına nəzarəti, qiymətləndirməni və tapşırıqlararası əlaqələndirməni təmin etmək üçün istifadə olunacaq.